
Bakı. Trend:
Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, onun tabeliyində
fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi
Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə iki gün davam
edəcək “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal
çağırışlar kontekstində” beynəlxalq simpozium başlayıb.
Trend xəbər
verir ki, simpoziumun təşkilində məqsəd Azərbaycan və dünyada din
təhsili sahəsində mövcud vəziyyət, qarşıya çıxan problemlərin
təhlili və onların həlli istiqamətində təkliflərin müzakirəsi,
məlumat və təcrübə mübadiləsi üçün platforma yaradılmasıdır.
Simpoziumda dünyəvi dövlətdə dini təhsilin konstitusional və
hüquqi əsasları, eləcə də dini təhsilin tolerantlıq və
multikulturalizm, əxlaqi dəyərlər, ictimai inkişaf kimi
anlayışlarla qarşılıqlı təsiri, postsovet məkanında din təhsili
məsələləri, Azərbaycanda dövlət-din münasibətlərinin
tənzimlənməsində Ulu Öndər Heydər Əliyevin rolu, Prezident İlham
Əliyevin bu sahədə siyasətinin uğurlu nəticələrinə həsr olunmuş
məruzələr dinləniləcək.
Beynəlxalq tədbirdə dövlət rəsmiləri, dini konfessiyaların,
yerli ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələri ilə
yanaşı, Türkiyə, Özbəkistan, Qazaxıstan, Pakistan, İndoneziya,
Malayziya, Gürcüstan, Albaniya, ABŞ, Rusiya, İsveçrə, BƏƏ, Misir və
İraqın nüfuzlu universitetlərinin rəhbərləri, alim və
mütəxəssislərindən ibarət 40-a yaxın xarici qonağın iştirakı
nəzərdə tutulur.

