Bakı Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyəti 25 milyon tonadək artırılacaq – Baş nazir

Baş səhifə

Bakı. Trend:

Nəqliyyat-tranzit sahəsi ənənəvi olaraq gündəliyimizdə xüsusi
yer tutur. Məhz bu istiqamət qarşılıqlı ticarətin və
investisiyaların artırılması, eləcə də yeni iqtisadi imkanların
yaradılması baxımından böyük potensiala malikdir.

Trend-in
məlumatına görə, bunu Baş nazir Əli Əsədov V Tbilisi İpək Yolu
Forumunda çıxışı zamanı deyib.

Baş nazir bildirib ki, strateji coğrafi yerləşməsi və nəqliyyat
infrastrukturuna yatırılan böyük sərmayələr Azərbaycanın Avrasiyada
mühüm nəqliyyat-logistika mərkəzi kimi mövqeyini
möhkəmləndirib.

“Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə
ölkəmiz tərəfindən ardıcıl iş aparılır.

Keçən il Bakı–Tbilisi–Qars dəmir yolunun daşıma qabiliyyəti
Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona
qədər artırılıb.

Eyni zamanda ölkənin əsas dəmir yolları və avtomobil yolları
şəbəkəsinin kəsişməsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət
Limanının illik ötürücülük qabiliyyətinin 15 milyondan 25 milyon
tonadək artırılması məqsədilə ikinci genişləndirilmə mərhələsinə
start verilib.

Azərbaycan Xəzərin ən böyük ticarət donanmasına, həmçinin
regionun ən böyük yükdaşıma aviaşirkətinə malikdir.

Cari ilin may ayında Laçında ölkəmizin 9-cu beynəlxalq hava
limanı açılıb. Hazırda Ələt Azad İqtisadi Zonasında yeni beynəlxalq
karqo hava limanının tikintisi davam edir.

Bu və bir sıra digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat
qovşaqlarından birinə çevirib”, – deyə Əli Əsədov vurğulayıb.