AMB inflyasiya gözləntilərini açıqlayıb

Baş səhifə

Bakı. Trend:

Hazırda illik inflyasiya proqnozlaşdırılan trayektoriyaya yaxın
hərəkət edir.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər
verir.

Bildirilib ki, 2025-ci ilin sentyabrında 12 aylıq inflyasiya
5.7% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu
içkilər və tütün məmulatları üzrə 7.9%, ödənişli xidmətlər üzrə
5.3%, qeyri-qida məhsulları üzrə isə 2.4% təşkil edib. İllik baza
inflyasiya 4.9% olub.




Baza ssenarisinə əsasən, 2025-ci ilin sonuna və 2026-cı ildə
illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır. Belə
ki, baza ssenarisi üzrə oktyabr proqnozlarına görə illik
inflyasiyanın 2025-ci ildə 6%, 2026-cı ildə isə 5.7% olacağı
gözlənilir. İnflyasiya proqnozunun yuxarıya doğru dəyişdirilməsi,
əsasən təklif amilləri ilə bağlıdır.

“Ötən iclasdan sonra inflyasiyanın risklər balansında
nəzərəçarpan dəyişiklik baş verməyib. Qlobal ticarət mühitindəki
qeyri-sabitlik əmtəə və maliyyə bazarlarında dalğalanmaları davam
etdirir. Əsas xarici risk mənbəyi olan idxal qiymətlərinin daxili
inflyasiyaya təsiri ticarət tərəfdaşlarında inflyasiya prosesləri
və nominal effektiv məzənnənin dinamikası ilə bağlıdır. Daxili risk
faktorları ilə bağlı qeyd olunmalıdır ki, yenilənmiş proqnozlar
növbəti dövrdə inflyasiyanın, əsasən, təklif – xərc amilləri
hesabına formalaşacağını göstərir. 2026-cı ilə dövlət büdcəsinin
ilkin parametrləri və kredit qoyuluşlarının illik artımının
səngiməsi məcmu tələbin izafi artımı riskini azaldır”, – deyə
məlumatda qeyd edilib.