Luvr muzeyindəki oğurluq muzeyə 88 milyon avro zərər vurub

Baş səhifə

Bakı. Trend:

Luvr muzeyində baş vermiş zinət əşyalarının oğurlanması
nəticəsində muzeyə 88 milyon avro dəyərində zərər dəyib.

Trend-in
məlumatına görə, bu barədə Paris prokuroru Lor Bekko RTL radiosuna
açıqlamasında bildirib. “Luvr direktoru zərəri 88 milyon avro
olaraq qiymətləndirir. Məbləğ təsirli olsa da, bu, tarixə vurulan
zərərlə müqayisə oluna bilməz”, – deyə Bekko vurğulayıb.

Fransanın Mədəniyyət Nazirliyi Financial Times qəzetinə
açıqlamasında bildirib ki, oğurlanan zinət əşyaları
sığortalanmayıb. Nazirlikdən qeyd olunub ki, Luvrda belə bir
siyasət mövcud deyil, çünki Leonardo da Vinçinin “Mona Liza”sı və
“Tanisin Böyük Sfinksi” kimi əsərlərin dəyərini müəyyənləşdirmək
mümkün deyil.




Nazirlik sözçüsünün sözlərinə görə, milli muzey eksponatları
normal saxlanma şəraitində olduqda onların sığortaçısı birbaşa
dövlət sayılır.

Xatırladaq ki, oktyabrın 19-da Luvr muzeyində baş verən qarət
zamanı “Fransa taxtının inciləri”nin saxlandığı qalereyadan səkkiz
ədəd zinət əşyası oğurlanıb. Oğrular hadisə yerindən qaçmağı
bacarıblar. Luvrun Apollon qalereyasında törədilən oğurluq zamanı
İmperatrisa Evgeniyaya məxsus təxminən 2000 brilliantla bəzədilmiş
diadem, Kraliça Mari-Ameliyanın sapfir boyunbağısı və III
Napoleonun anasına aid qiymətli bəzəklər də oğurlanan əşyalar
arasında olub.