
Bakı. Trend:
Serbiyanın Novi Sad şəhərində U-23 dünya çempionatı davam
edir.
Trend xəbər verir
ki, ikinci yarış günündə yunan-Roma güləşi üzrə daha 4 çəkidə
mübarizəyə start verilib.
Azərbaycan təmsilçilərindən Elmir Əliyev (55 kiloqram) ilk
mərhələni maneəsiz keçib. Albaniyalı Andi Muka xalçaya çıxmayıb.
Milli üzvü 1/8 finalda gücünü çinli Baoji Vuya (9:0), 1/4 finalda
isə özbəkistanlı Xociəkbər Kuçkarova (4:2) göstərib. Elmir
yarımfinalda isə iranlı Armin Şamsipurhacını “tuş”la yolundan
kənarlaşdırıb. Əliyev sabah finalda rusiyalı Alibek Amirovla
güləşəcək.
Fəraim Mustafayev (67 kiloqram) hindistanlı Nişant Nişant (8:3)
və qırğızıstanlı Bayaman Kərimovu (4:1) mübarizədən kənarlaşdırsa
da, 1/4 finalda belaruslu Qleb Makarankaya minimal fərqlə (3:4)
məğlub olub.
Ruslan Nurullayev (72 kq) yaponiyalı Hacime Kikutaya tam
üstünlüklə (8:0), moldovalı Vasile Zabikaya isə 4:0 hesabı ilə
qalib gələrək 1/4 finala yüksəlib. Ruslan yarımfinala vəsiqə
uğrunda mübarizədə iranlı İman Məhəmmədiyə məğlub olub – 3:5. Rəqib
finala yüksəldiyi üçün Nurullayev sabah təsəlliverici görüşə
çıxacaq. Təmsilçimiz Oleq Xəlilov (Ukrayna) – Mate Veq (Macarıstan)
qarşılaşmasının qalibi ilə güləşəcək.
Əli Quliyev (97 kiloqram) təsnifat mərhələsində rusiyalı Maksim
Averinə (UWW) uduzub – 1:5.
Qeyd edək ki, mundiala oktyabrın 27-də yekun vurulacaq.


