
Bakı. Trend:
2024-cü ildə – peykimizin buraxılmasından 10 il sonra –
“Azərkosmos” 10 milyon dollarlıq biznes portfeli formalaşdırmağa
nail olub. Bu, son on ilin ən böyük nailiyyətlərindən biridir.
Trend xəbər
verir ki, bunu Azərbaycan Respublikasının Kosmik Agentliyinin “Kosmosdan gələn imkanlar: Kosmik müşahidəmizin sosial-iqtisadi
inkişafa töhfəsinin 10 ili” adlı tədbirində agentliyin idarə heyəti
sədrinin müavini Fuad Aslanov deyib.
O bildirib ki, 2022-ci ildə yaradılan “Coğrafi İnformasiya
Sistemləri Mərkəzi” vasitəsilə 100-dən çox kommersiya layihəsi icra
olunub: “Son 10 ildə biz yalnız coğrafi məlumatların toplanması ilə
kifayətlənmədik, eyni zamanda rəqəmsal həllər üzərində də çalışdıq.
Hazırda bir neçə rəqəmsal həllimiz istifadəyə tam hazır
vəziyyətdədir”.
F. Aslanov onlardan bəziləri haqqında məlumat verib: “Birinci, “FarmUp”dır. Adından da göründüyü kimi, kənd təsərrüfatında əkin
sahələrinin müəyyənləşdirilməsi, məhsuldarlığın ölçülməsi və
proqnozların verilməsi üçün mühüm bir platformadır. Gələcəkdə bu
platformanın kənd təsərrüfatı təyinatlı torpaqların sığortalanması
və daha səmərəli istifadəsinə böyük töhfə verəcəyinə inanırıq.
İkinci platforma “Platterra”dır. Süni intellektə əsaslanır və
bizə su hövzələrini, əkin və meşə sahələrini dəqiq
müəyyənləşdirməyə, bu məlumatlar əsasında analiz və təhlillər
aparmağa imkan yaradır.
Üçüncü, “WebGis” platforması həm coğrafi məkan məlumatlarının,
həm də istifadəçilərin öz analiz və təhlillərinin əlavə olunması
ilə optimal qərarların qəbuluna şərait yaradır. Hazırda bu
platformaya böyük tələbat müşahidə edirik”.
F. Aslanov həmçinin, İqlim Hesabatı sistemindən danışıb: “Bu da
süni intellektə əsaslanan bir həldir və həm təbii, həm antropogen
(insan fəaliyyəti ilə bağlı) təsirlər nəticəsində baş verən iqlim
dəyişikliklərini müşahidə etməyə imkan verir. Bu sistem dövlət və
beynəlxalq qurumlar üçün baş verən prosesləri daha dərindən anlamaq
və onların kök səbəblərini müəyyənləşdirmək baxımından böyük
əhəmiyyət daşıyır”.
“Peyk texnologiyaları təkcə məlumat, analitika və strateji
qərarvermə üçün vasitə deyil. Bu, həm də yeni, çevik və innovativ
əməkdaşlıqlara aparan bir yoldur. Biz bu yolda hər kəsi əməkdaşlığa
dəvət edirik və inanırıq ki, birlikdə qarşıda duran bir çox
problemi həll edə, yeni məhsullar və yanaşmalar təqdim edə
biləcəyik”, – deyə o qeyd edib.


