Qazaxıstanla Azərbaycan “GovTech” və süni intellekt sahəsində əməkdaşlıq üçün böyük potensiala malikdirlər – İqtisadiyyat Nazirliyi

Baş səhifə

Astana. Trend:

Qazaxıstan və Azərbaycan informasiya texnologiyaları və süni
intellekt sahəsində əməkdaşlığın inkişafı üçün əhəmiyyətli
potensiala malikdirlər.

Trend-in
Astanaya ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bunu
jurnalistlərə açıqlamasında Qazaxıstanın Milli İqtisadiyyat
Nazirliyinin Sahibkarlığın müdafiəsi və inkişafı idarəsinin rəis
müavini Daniyar Meyrbekov bildirib.

“Azərbaycan və Qazaxıstan arasında IT texnologiyaları sahəsində
əməkdaşlıq üçün həqiqətən böyük potensial var. Bu istiqamətdə xeyli
iş görülür”, – deyə Meyrbekov qeyd edib.

Onun sözlərinə görə, Qazaxıstan qarşıdakı üç il ərzində süni
intellekti iqtisadiyyatın bütün sahələrinə tətbiq etməyi
planlaşdırır. Meyrbekov xatırladıb ki, ölkədə Alem.AI Süni
İntellekt Mərkəzi yaradılıb və Qazaxıstan Prezidenti yanında Süni
İntellekt Şurası formalaşdırılıb.

“Şuraya dünyanın müxtəlif ölkələrindən ekspertlər daxildir və
bütün bunlar süni intellekt sahəsində təşəbbüslərin
reallaşdırılması üçün əsas yaradır”, – deyə nazirlik nümayəndəsi
bildirib.

O, həmçinin qeyd edib ki, Qazaxıstanda Mərkəzi Asiyanın ən böyük
superkompüteri istifadəyə verilib.

“Bütün bu addımlar süni intellektin inkişaf üçün düzgün
istifadəsinə yönəlib”, – deyə Meyrbekov əlavə edib.




Onun sözlərinə görə, kadr hazırlığına xüsusi diqqət
yetirilir.

“12-18 yaş arası gənclər üçün süni intellekt üzrə tədris
proqramları həyata keçirilir. Bu proqramlar çərçivəsində video
montajda və İA agentləri ilə işləməkdə süni intellektin istifadəsi
öyrədilir. Daha sonra bu gənclər ali təhsillərini davam etdirə,
beynəlxalq böyük texnologiya şirkətləri ilə birgə elmi-tədqiqat
laboratoriyalarında potensiallarını reallaşdıra bilərlər”, – deyə o
izah edib.

İkitərəfli əməkdaşlıq perspektivlərindən danışan Meyrbekov dil
modellərinin yaradılması sahəsində əməkdaşlıq imkanlarının olduğunu
bildirib.

“Mən KAZ LLM haqqında danışdım. Ölkələrimizin oxşar dil qrupuna
mənsub olduğunu nəzərə alaraq, bu təcrübəni Azərbaycan dili, eləcə
də digər türk dilləri üçün oxşar modelin yaradılmasında istifadə
etmək olar”, – deyə o qeyd edib.

Bundan əlavə, o vurğulayıb ki, dövlət rəqəmsal xidmətləri
sahəsində də əhəmiyyətli perspektivlər mövcuddur.

“Bu istiqamətdə hər iki ölkə uğurla irəliləyir. Azərbaycanda
vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə ASAN Xidmət
mövcuddur. Bu sahədə təcrübə mübadiləsi və birgə layihələrin həyata
keçirilməsi üçün potensial görürəm”, – deyə Meyrbekov sözlərini
yekunlaşdırıb.