Çin Rusiyadan neft idxalını kəskin azaldıb

Baş səhifə

Bakı. Trend:

Çin yanvar-sentyabr ayları ərzində Rusiyadan idxal etdiyi neftin
həcmini ötən ilin eyni dövrü ilə müqayisədə 8,1% azaldaraq 74,04
milyon tona endirib.

Trend xəbər verir ki, bu
barədə məlumatı Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi
yayıb.

Qurumun yenilənmiş statistikasına əsasən, qeyd olunan dövrdə
Rusiyadan enerji resurslarının idxal dəyəri 21% azalaraq 37,55
milyard ABŞ dolları təşkil edib.




Rusiyadan sonra Çinin əsas neft tədarükçüsü Səudiyyə Ərəbistanı
olub — bu ölkədən idxal həcmi ötən ilin göstəricisinə bərabər
qalaraq 59,52 milyon ton səviyyəsində qeydə alınıb.

Ardınca Malayziya (51,23 milyon ton, 4% artım), İraq (49,28
milyon ton), Braziliya (33,33 milyon ton) və Oman (26,22 milyon
ton) qərarlaşıb.