Ümummilli Lider müstəqilliyimizi əbədi və dönməz etdi – Vüqar Rəhimzadə

Baş səhifə

Bakı. Trend:

Qalib, yenilməz və məğrur Azərbaycan xalqı müstəqilliyimizin
bərpasının 34-cü ildönümünü qeyd edir. Bayram günlərinin, əlamətdar
hadisələrin bir hesabat xarakteri daşıdığını nəzərə alanda son 34
illik tariximizi vərəqləmək bir zərurət kimi qarşıda dayanır.
1991-ci ilin 18 oktyabr tarixində Dövlət Müstəqilliyi haqqında
Konstitusiya Aktı qəbul edildi. Müstəqilliyimizin bərpasının ilk
illəri faciəli dövr kimi xarakterizə edilir. 1991-1993-cü illərdə
Azərbaycan çox böyük problemlərlə, itkilərlə üzləşdi. Ermənistanın
Azərbaycana qarşı ərazi iddialarının fonunda azərbaycanlılar tarixi
Qərbi Azərbaycan torpaqlarından və Qarabağdan kütləvi şəkildə
qovulurdular. 1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının
işğal edilməsi böyük faciə idi. O illərdə dövlətçiliyin əsasları
qurulmadı, nizami ordu yaradılmadı, cəmiyyətdə milli həmrəylik,
birlik yox idi. AXC-Müsavat cütlüyünün hakimiyyəti qanunsuz yolla
zəbt etməsi vəziyyəti daha da ağırlaşdırdı. Onların bir illik
hakimiyyəti çağdaş tariximizdə rüsvayçılıq, fəlakət dövrü kimi yer
alıb. Hakimiyyəti zor gücünə zəbt edən AXC-Müsavat qruplaşması
ölkəmizi uçuruma aparırdı.

Həmin dövrdə Azərbaycanın daxilində gedən proseslər ölkəmizi
çökdürürdü. İqtisadi böhran yaşanırdı, sənaye demək olar ki, iflic
vəziyyətə düşmüşdü. O vaxtkı hakimiyyət ancaq öz maraqlarını təmin
etmək üçün çalışırdı. Korrupsiya, rüşvətxorluq son həddə çatmışdı.
Ölkəmizdə qanunsuz silahlı birləşmələr xalqa meydan oxuyurdu,
Bakının küçələrində əlisilahlı adamlar dəstə-dəstə gəzir, insanları
incidirdi. Baxmayaraq ki, Qarabağda işğalçı Ermənistan ilə qanlı
döyüşlər gedirdi, bütün bunlar azmış kimi AXC-Müsavat qruplaşması
Azərbaycanda öz hakimiyyətini saxlamaq üçün vətəndaş müharibəsinə
başlamışdı. Gəncə şəhərində qardaş qanı axıdıldı. Cəmi bir illik
hakimiyyətləri dövründə AXC-Müsavat qruplaşmasının yarıtmaz,
xəyanətkar fəaliyyəti nəticəsində Azərbaycan öz müstəqilliyini
itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi
ilə üz-üzə qaldı. Əgər o vaxt xalqın təkidli tələbi ilə Ümummilli
Lider Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, Azərbaycan müstəqil
dövlət kimi dünyanın siyasi xəritəsindən silinəcəkdi.

Bu fikirləri Trend-ə Milli
Məclisin deputatı Vüqar Rəhimzadə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, 1993-cü ildə xalqın təkidli tələbi
ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəmizin
müstəqilliyini əbədi və dönməz etdi. Məhz Onun zəngin siyasi
təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi
Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər
ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi
və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan
möhkəm əsaslar üzərində yeni inkişaf yoluna başladı. Azərbaycan
qısa müddətdə sabitlik diyarına çevrildi. Ümummilli Lider Heydər
Əliyevin Azərbaycanın müstəqilliyinin əbədi və dönməzliyini təmin
etmək üçün atdığı addımları qısqanclıqla qarşılayanlar 1994-cü ilin
oktyabr və 1995-ci ilin mart aylarında dövlət çevrilişinə cəhdlər
etdilər. Lakin Heydər Əliyev-xalq birliyi sayəsində dövlət
çevrilişlərinə cəhdlərin qarşısı qətiyyətlə alındı. Bir daha sübut
olundu ki, xalqa arxalanan Lider dövlətçiliyi qorumağa qadirdir.
Azərbaycanın müstəqilliyini tarixi nailiyyətimiz kimi dəyərləndirən
Ümummilli Lider Heydər Əliyev onu qorumağı hər kəsin vətəndaşlıq
borcu hesab edirdi. Sabitlik hər bir inkişafın əsası kimi öndə
saxlanıldı. Ölkəmizin malik olduğu iqtisadi potensialdan səmərəli
istifadə etməsi dünya iqtisadi sisteminə inteqrasiyanı
sürətləndirdi. “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana
iqtisadi və siyasi dividend qazandırdı. Azərbaycana inam artdı,
ölkəmiz yeni dostlar, tərəfdaşlar qazandı. “Əsrin müqaviləsi”nin 20
illiyində Cənub Qaz Dəhlizi layihəsinin təməlinin qoyulması, 23
illiyində “Yeni əsrin müqaviləsi”nin imzalanması bunun bariz
nümunəsidir. Ölkəmizin dayanıqlı inkişafı üçün geniş imkanlar
yarandı. 1999-cu ildə yaradılan Dövlət Neft Fondu neft
gəlirlərindən səmərəli istifadəni təmin etdi. İqtisadi
strategiyanın dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsasən
işlənib hazırlanması neft gəlirlərinin idarə olunmasında
şəffaflığa, əhalinin sosial müdafiəsinin gücləndirilməsi
istiqamətində ardıcıl addımlara yol açdı. Azərbaycan qısa müddətdə
böyük investisiyalar məkanına çevrildi.

Vüqar Rəhimzadə vurğulayıb ki, Ulu Öndərin yorulmaz səyləri
nəticəsində qısa müddətdə Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq
təşkilatların tribunasından gəldi. Azərbaycanın xarici siyasət
uğurları davamlılığı ilə diqqətdə oldu. Ümummilli Lider Heydər
Əliyev keçmiş Qarabağ problemini beynəlxalq təşkilatların
gündəliyinə gətirdi. Həqiqətlərimiz təkzibolunmaz faktlar əsasında
dünya ictimaiyyətinə çatdırıldı. Diaspor quruculuğu dövlət
siyasətinin əsas tərkib hissəsi kimi diqqətdə oldu. Ümummilli Lider
Heydər Əliyev bu çağırışı etdi ki, Vətən birdir, hər birimiz bu
Vətən üçün çalışmalıyıq. Dünyanın müxtəlif ölkələrində yaşayan
soydaşlarımızın birliyini, həmrəyliyini təmin etmək üçün 2001-ci
ildə Ulu Öndərin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının I
Qurultayı keçirildi.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycan Respublikasının
ilk Konstitusiyasının qəbul olunması və ölkədə bütün sferaları
əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik,
hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər
Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir.
1993-2003-cü illərdə xalqımızı vahid amal ətrafında birləşdirən
azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin
dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni
fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi
ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə
sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən
tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Ulu Öndər Heydər
Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri
olmuşdur.

Milli Məclisin deputatı qeyd edib ki, 2003-cü ildən Ulu Öndər
Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan möhkəm təməl
üzərində siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük
tərəqqiyə, inkişafa nail oldu. Azərbaycanın iştirakı olmadan
regionda hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin
mümkünsüzlüyü dövlətimizin beynəlxalq arenada aparıcı yerinin və
rolunun təsdiqidir. Dövlətimizin başçısının müəyyənləşdirdiyi
uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycan iqtisadiyyatı
inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə dayanır.
Beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycan ən
islahatçı, yüksək rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimi
liderliyini qoruyur.

Vüqar Rəhimzadə bildirib ki, tarixi Zəfərimiz və
suverenliyimizin tam bərpası Azərbaycanın 1993-cü ilin iyunundan
başlanan inkişaf yolunun təntənəsidir. Ümummilli Liderin ən böyük
arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi
bütövlüyümüzün və suverenliyimizin bərpası, Azərbaycan Bayrağının
Şuşada, Xankəndidə və digər azad olunmuş ərazilərimizdə
dalğalanması idi. Artıq bu arzu reallığa çevrilib. Dövlət başçısı
İlham Əliyev Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir
müstəqil Azərbaycanı daha da gücləndirdi, qələbəyə doğru inamla
apardı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə qazanılmış tarixi Qarabağ Zəfəri xalqımızın
qəhrəmanlıq tarixinə əbədi həkk olunub. Qarabağın tacı Şuşanın
işğaldan azad edildiyi tarix Zəfər Günü, 2023-cü ilin 19-20
sentyabr tarixlərində həyata keçirilən bir günlük antiterror
tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edildiyi gün-20
sentyabr Dövlət Suverenliyi Günü kimi tarixə yazıldı.

Artıq işğaldan azad olunmuş ərazilərimizə yeni həyat qayıdıb. Bu
torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir,
Böyük Qayıdış Proqramı icra olunur. Görülən işlər Azərbaycan
dövlətinin gücünü, qüdrətini, iqtisadi imkanlarını nümayiş etdirir.
Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycanın
müstəqilliyi əbədidir, dönməzdir. Qalib, bütöv Azərbaycanın
qarşısında yeni imkanlar açılır. Azərbaycan hər dövrün
çağırışlarını yüksək səviyyədə yerinə yetirərək uğurları, Zəfərləri
ilə hər kəsi heyrətləndirir. Bu gün böyük qürur hissi ilə qeyd
edirik ki, azad edilmiş ərazilərimiz beynəlxalq mərkəzə çevrilib.
Qlobal problemlərin bu məkanlarda müzakirə edilməsi Azərbaycanın
ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasətinə verilən
dəstəyin ifadəsidir. Tarixi Zəfərimizin reallıqları fonunda
Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslərdən biri 2021-ci
il oktyabrın 15-də Milli Məclisin “Müstəqillik Günü haqqında” yeni
Qanunu təsdiqləməsidir. Qanuna əsasən, hər il mayın 28-i
Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü
kimi bayram edilir.