
Bakı. Trend:
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban
Əliyeva oktyabrın 17-də Vatikan Apostol Kitabxanasında olub.
Trend xəbər verir ki, Apostol
Kitabxanası və Apostol Arxivinin rəhbəri arxiyepiskop Monsenyor
Covanni Çezare Paqatzi Birinci vitse-prezident Mehriban Əliyevaya
Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, Vatikan
Apostol Kitabxanası və Vatikan Apostol Arxivi arasında bu
yaxınlarda imzalanmış Anlaşma Memorandumu çərçivəsində bərpa olunan
və rəqəmsallaşdırılan tarixi əlyazmalar, həmçinin tarixi mənbələr
haqqında məlumat verib.
Diqqətə çatdırılıb ki, 2013-cü və 2014-cü illərdə Heydər Əliyev
Fondunun dəstəyi ilə Vatikan Apostol Kitabxanasında aşkar edilmiş
Azərbaycanın tarixi və mədəniyyəti, o cümlədən türkdilli irsin
qorunması kontekstində əhəmiyyətə malik 75 əlyazmanın bərpası və
rəqəmsallaşdırılması artıq həyata keçirilib.
Qeyd olunub ki, Vatikan Apostol Kitabxanası və Vatikan Apostol
Arxivi ilə əməkdaşlıq azərbaycanlı alim və tədqiqatçılara burada
mühafizə olunan nadir əlyazmalara, qədim xəritələrə, eləcə də
müxtəlif dillərdə dəyərli nəşrlərə çıxış imkanı verəcək. Bildirilib
ki, bu, gələcəkdə, həmçinin Azərbaycanın tarixi və mədəni irsi
barədə yeni və mühüm məlumatların əldə olunmasına şərait
yaradacaq.
Xatırladaq ki, Vatikan Apostol Kitabxanası dünyanın ən qədim və
zəngin kitabxanalarından biridir. Onun əsası rəsmi olaraq 1475-ci
ildə Papa IV Sikstus tərəfindən qoyulub. Bu kitabxanada tarix, din
və mədəniyyətlə bağlı 80 mindən çox əlyazma, 1,6 milyondan çox
kitab mühafizə olunur. Əsas kolleksiyaları qədim əlyazmalar,
inkunabullar (XV əsrə aid kitablar), xəritələr, qravürlər və yazılı
sənədlərdən ibarətdir. Kitabxana tədqiqatçıların və alimlərin elmi
araşdırmaları üçün açıqdır.
Vatikan Apostol Arxivi Müqəddəs Taxt-Tacın əsrlər boyu topladığı
rəsmi sənədlərin, məktubların və inzibati yazışmaların qorunduğu
müqəddəs və elmi cəhətdən dəyərli məkandır. Bu arxiv həm kilsə, həm
də dünya tarixi baxımından nadir və bənzərsiz irsi özündə
cəmləşdirir. Uzun illər “Gizli Vatikan Arxivi” kimi tanınan bu
məkanın adı 2019-cu ildə Papa Fransisk tərəfindən dəyişdirilərək
Vatikan Apostol Arxivi adlandırılıb.
Dünyanın ən böyük tarixi arxivlərindən biri sayılan Vatikan
Apostol Arxivində IX əsrdən günümüzədək olan dövrə aid sənədlər
toplanıb. Bu arxiv Katolik Kilsəsinin yaddaşı hesab olunur. Onun
funksiyası kilsənin tarixi qərarlarının, mövqelərinin və diplomatik
münasibətlərinin gələcək nəsillər üçün saxlanmasını təmin etməkdir.
Arxiv birbaşa Papaya tabedir və onun təyin etdiyi prefekt
tərəfindən idarə olunur.
Sonda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva
Apostol Kitabxanasına Azərbaycanın tarixi, təbiəti və mədəni irsinə
həsr olunmuş bir sıra kitab və nəşrlər hədiyyə edib.


