Ölkə ərazisində heyvan bazarlarında məhdudiyyətlər tətbiq olunacaq – BU TARİXDƏN

Baş səhifə

Bakı. Trend:

2025-ci il 25 oktyabr tarixindən etibarən ölkə ərazisində
fəaliyyət göstərən heyvan bazarlarında sağlamlaşdırma tədbirlərinin
görülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq
olunacaq.

Trend
xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST)
rəsmi məlumatlarına əsasən, müxtəlif ölkələrdə heyvanlar arasında
xüsusi təhlükəli yoluxucu xəstəliklər yayılıb. Mövsümi amillərdən
asılı olaraq müxtəlif xəstəlik törədicilərinin yayılması riski
region ölkələri, o cümlədən Azərbaycan üçün real təhlükə
yaradır.

Qeyd edək ki, respublikamızın həmsərhəd bölgələri, heyvanların
mövsümi miqrasiya marşrutları, eləcə də heyvan bazarları yüksək
risk əraziləri kimi müəyyən edilib. Heyvan bazarlarında müxtəlif
mənşəli heyvanların bir yerdə saxlanması, satış və daşınma
prosesləri infeksiya törədicilərinin yayılmasına, ölkə ərazisində
xəstəliklərin baş vermə riskinin artmasına səbəb ola bilər.

Epizootik sabitliyin və bioloji təhlükəsizliyin qorunması,
zoonoz və xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısının
alınması məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi
Agentliyi tərəfindən bir sıra zəruri tədbirlər görülməkdədir.
Respublikanın baş dövlət baytarlıq müfəttişinin imzaladığı müvafiq
qərara əsasən, ölkə ərazisində fəaliyyət göstərən heyvan
bazarlarında 2025-ci il 25 oktyabr tarixindən etibarən
sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə
müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Agentliyin regional
bölmələri yerli icra hakimiyyətləri və polis orqanları ilə birlikdə
bu tədbirin icrasını təmin edəcəklər.




Heyvan bazarlarının sahibləri tərəfindən bazar ərazilərində
dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri görüləcək.
Sağlamlaşdırma tədbirləri yekunlaşdıqdan sonra bazarların
fəaliyyəti bərpa olunacaq.

Bununla yanaşı, ölkəyə idxal olunan heyvanlar karantinə
yerləşdiriləcək, onlara klinik baxış keçirilərək laborator
diaqnostik nümunələrin götürülməsi prosesi davam etdiriləcək.
Həmçinin mümkün infeksiya yayılmasının qarşısını almaq üçün
Gürcüstan mənşəli iri və xırdabuynuzlu heyvanların respublika
ərazisindən keçməklə tranzit daşınması, habelə Gürcüstandan
damazlıq və yetişdirmə məqsədilə (kəsim məqsədilə idxal edilən
heyvanlar istisna olmaqla) heyvanların ölkəmizə idxalı 2025-ci il
25 oktyabr tarixindən etibarən məhdudlaşdırılır.

Bildiririk ki, ölkə üzrə heyvan kəsimi məntəqələri
fəaliyyətlərini əvvəlki qaydada davam etdirəcək. Qərara əsasən,
kəsim məqsədilə ölkəyə idxal edilən heyvanlar 72 saat ərzində
kəsilməlidir.

Görülən tədbirlər barədə ictimaiyyətin mütəmadi şəkildə
məlumatlandırılması təmin olunacaq, maarifləndirmə tədbirləri davam
etdiriləcək.