Səhiyyə Nazirliyinin nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında aparılan səhiyyə islahatları ilə tanış olub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndə heyəti
səhiyyə infrastrukturunun inkişafı, tibbi xidmətlərin keyfiyyətinin
artırılması və yeni yaradılan tibb müəssisələrinin fəaliyyəti ilə
yerində tanış olmaq məqsədilə Naxçıvan Muxtar Respublikasına
işgüzar səfər edib.

Trend xəbər
verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iki gün davam edən səfər çərçivəsində əvvəlcə
nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin
baş meydanında ucalan abidəsini ziyarət edib, önünə güllər düzüb,
xatirəsinə ehtiramlarını bildirib.

Nümayəndə heyəti Azərbaycan Respublikası Prezidentinin
rəhbərliyi altında Naxçıvanda tibb sahəsində həyata keçirilən
islahatlar çərçivəsində xroniki böyrək çatışmazlığından əziyyət
çəkən pasiyentlərə göstərilən tibbi xidmətin vahid mərkəzdən və
müasir səviyyədə təşkili məqsədilə yaradılan Naxçıvan Muxtar
Respublikası Hemodializ Mərkəzinin açılışında iştirak edib. Eyni
zamanda, şəhid ailələrinin və müharibə iştirakçısı olan
veteranların sosial və psixoloji rifahının gücləndirilməsi, onların
psixoloji reabilitasiyasına sistemli şəkildə dəstək göstərilməsi
məqsədilə yaradılan Naxçıvan Muxtar Respublikası Psixoloji
Sağlamlıq Mərkəzi və Təcili Tibbi Yardım Xidməti ilə tanışlıq
olub.

Tədbirlərdə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan
Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli,
Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov, Naxçıvan
Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov iştirak
ediblər.

Hemodializ Mərkəzində yaradılan şəraitlə tanışlıq zamanı
bildirilib ki, müasir tibbi avadanlıqlarla təchiz olunmuş
müəssisədə pasiyentlərə komfortlu şəraitdə xidmət göstərilməsi üçün
bütün imkanlar yaradılıb.

Həmçinin, Mərkəzin yaradılma məqsədi, tikinti və texniki
təchizat işləri, eləcə də gələcək fəaliyyət istiqamətləri barədə
geniş məlumat verilib.

Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Psixoloji
Sağlamlıq Mərkəzində şəhid və veteran ailələrinə psixoloji yardım
və reabilitasiya xidmətləri, habelə fərdi və qrup terapiyası
otaqları fəaliyyət göstərəcək.
Eyni zamanda, bildirilib ki, Təcili Tibbi Yardım Xidmətinin mövcud
avtomobil parkı müsair avadanlıqlarla təchiz olunub.




Nümayəndə heyətinə muxtar respublikada səhiyyə sisteminin
modernləşdirilməsi istiqamətində həyata keçirilən kompleks
tədbirlər və dövlət proqramları çərçivəsində icra olunan layihələr
barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına
əsasən, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına
dair 2023–2027-ci illər üçün Dövlət

Proqramı” təsdiq edilib. Dövlət Proqramı çərçivəsində bir sıra
mühüm layihələr icra olunur.
Qonaqlar Treninq və Simulyasiya Mərkəzinin fəaliyyəti, habelə Ağız
və Diş Sağlamlığı Mərkəzində aparılan təmir-tikinti işləri ilə
tanış olublar.

Səfər çərçivəsində Babək rayonu üzrə Qahab, Culfa rayonu üzrə
Əbrəqunus, Ordubad rayonu üzrə Vənəd və Dəstə Kənd Ailə Sağlamlıq
Mərkəzlərində yaradılan şəraitə baxış keçirilib.

Nümayəndə heyəti səfər çərçivəsində yeni Naxçıvan Səhiyyə
Kompleksi layihəsi ilə tanış olub. Kompleks çərçivəsində
pediatriya, cərrahiyyə, reanimasiya, fizioterapiya və digər
ixtisaslaşmış tibbi xidmətlərin vahid məkanda, müasir standartlara
uyğun şəkildə təşkili nəzərdə tutulur.

İstismara verilməyə hazırlanan Oksigen İstehsalı Müəssisəsi ilə
də tanışlıq olub. Qeyd edilib ki, müəssisədə oksigenin istehsalı,
tibb müəssisələrinə çatdırılması və təhlükəsizliyə nəzarət
proseslərinin müasir tələblərə uyğun təşkili nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Dəstək və
Çağrı Mərkəzləri, Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanası,
İctimai Səhiyyə Xidmətinə baxiş keçirilib, müaəssisələrin ümumi
vəziyyəti, tibbi xidmətin təşkili və burada yaradılan şəraitlə
tanışlıq olub.

Sonda Naxçıvan Muxtar Respublikasında səhiyyə sisteminin
müasirləşdirilməsi və infrastrukturun inkişafı istiqamətində
görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.