Bakı Təşəbbüs Qrupununicraçı direktoru ATƏT-in Varşavada İnsan Ölçüsü Konfransında iştirak edib

Baş səhifə

Bakı. Trend:

Cari ilin 7-17 Oktyabr tarixlərində Polşanın paytaxı Varşavada
ATƏT-in Varşava İnsan Ölçüsü Konfransı keçirilib. Konfransda ATƏT-ə
üzv olan 57 ölkənin nümayəndələri, ATƏT institutları və digər icra
strukturları, hökumətlərarası təşkilatlar, QHT nümayəndələri
iştirak edib.

Trend xəbər
verir ki, Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov
Konfransın irqçilik, ksenofobiya, ayrı-seçkilik, dini dözümsüzlük,
insan alveri və fundamental azadlıqlar kimi qlobal problemləri
əhatə edən üç plenar sessiyasında çıxış edib. O, çıxışlarında bir
sıra ölkələrin müstəmləkəçilik və neokolonial siyasətlərini hələ də
davam etdirdiyini təəssüflə qeyd edərək, bunun acı nəticələrinə
dair real faktları iştirakçıların diqqətinə çatdırıb.

Bu xüsusda, Belçikanın Afrikada törətdiyi vəhşilikləri yada
salaraq, Konqonu istismarın və insan əzabının ən dəhşətli
nümunələrindən biri kimi təqdim edib. O, Afrikada həyata keçirilmiş
insanlıq əleyhinə cinayətlərin hələ də beynəlxalq ictimaiyyət
tərəfindən lazımi şəkildə qiymətləndirilməməsini ədalətsizlik
adlandırıb. Həmçinin, Belçikanın Konqodakı kolonial dövründə yerli
dinləri məhv etmək və ya mədəni normaları zorla tətbiq etdiyini,
bunun nəticəsində bu günə qədər davam edən dərin mədəni və mənəvi
yaraların qaldığını qeyd edib.

Abbas Abbasov eyni zamanda Fransanın dənizaşırı ərazilərində –
Kanaki-Yeni Kaledoniya, Qvadelup, Martinik və Mayot kimi bölgələrdə
– yerli xalqların ikinci dərəcəli vətəndaş statusunda yaşadığını
bildirib. O, Qvadelup və Martinikdə Karib hövzəsinin Afrika mənşəli
əhalisinin qərar qəbulu proseslərindən sistemli şəkildə
kənarlaşdırıldığını və bərabər iqtisadi imkanlardan məhrum
edildiyini vurğulayıb. Mayot adasında isə əhalinin əksəriyyətini
təşkil edən müsəlmanların məqsədyönlü şəkildə təcrid siyasətinə
məruz qaldığını, adanın hərbiləşdirilmiş qalaya çevrildiyini qeyd
edib. O, əlave edib ki, Fransız Qvianası və Reyunyonda iqtisadi
asılılıq, işsizlik və ekoloji fəlakətlər yerli əhalini məcburi
köçkünlüyə və insan alveri şəbəkələrinin hədəfinə çevirib. Bu
ərazilərdə insan alveri müasir dövrdə kolonial köləliyin
davamıdır.