Baş nazirin müavini ICAPP nümayəndə heyəti ilə Asiya əməkdaşlığının genişləndirilməsini müzakirə edib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov
oktyabrın 16-da Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının
(ICAPP) Daimi Komitəsinin sədri Çunq Eui-yongun rəhbərlik etdiyi
nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetindən Trend
verilən məlumata görə, görüşdə S.Şərifov Azərbaycan Prezidenti
İlham Əliyevin Asiya ölkələri ilə əlaqələrin inkişafını xarici
siyasətin əsas prioritetlərindən biri kimi müəyyənləşdirdiyini
bildirib. Bu kontekstdə, ölkəmizin Asiya və Okeaniya regionunda
yerləşən inkişafda olan ölkələri, ələlxüsus kiçik ada ölkələri üçün
yardım proqramlarını həyata keçirdiyini bildirib.

2009-cu ildən ICAPP-ın Daimi Komitəsinin üzvü olan Yeni
Azərbaycan Partiyasının təşkilatın fəaliyyətinə verdiyi töhfələr
barədə söhbət açan Baş nazirin müavini, ötən müddət ərzində YAP-ın
İCAPP-ın bir sıra yüksək səviyyəli tədbirinə, o cümlədən 7-ci Baş
Assambleyasına uğurla ev sahibliyi etdiyini deyib.

Bu baxımdan sabah Bakıda keçiriləcək “Milli müxtəliflikdən
qlobal həmrəyliyə: yeni dünya nizamında mədəniyyətin rolu”
mövzusunda ICAPP Asiya Mədəniyyət Şurasının 4-cü iclasının
əhəmiyyətinə toxunulub.

Azərbaycanın ICAPP təşəbbüslərində fəal iştirak vasitəsilə
Asiyada siyasi dialoqun gücləndirilməsinə, sülhün, sabitliyin və
dayanıqlı inkişafın təşviqinə töhfə verdiyi vurğulanıb.

S.Şərifov həmçinin ölkəmizin Ermənistan tərəfindən 30 ilə yaxın
işğal altında saxlanılan ərazilərini 2020-ci ildə azad etməsi, öz
ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, hazırda işğaldan
azad olunmuş ərazilərdə aparılan böyük quruculuq və bərpa işləri
barədə ətraflı məlumat verib.

Bu xüsusda, Azərbaycanın Ermənistanın işğalı nəticəsində böyük
maliyyə vəsaiti tələb edən fəsadlarla mübarizə apardığı bildirilib.
Ermənistanın təcavüzü nəticəsində Azərbaycana dəymiş ziyan 150
​​milyard ABŞ dolları həcmində qiymətləndirilir.

Buna baxmayaraq, o, məhz Azərbaycanın sülhsevər ölkə olaraq
Ermənistana sülh sazişinin imzalanmasını təklif etdiyini
vurğulayaraq, iki ölkə arasında cari ilin 8 avqust tarixində
Vaşinqtonda sülhün bərqərar olunmasına dair tarixi razılaşmaya nail
olunduğunu qeyd edib.