Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

Baş səhifə

Bakı.Trend:

Beynəlxalq axtarışda olan şəxs Birləşmiş Ərəb Əmirliklərində
tutularaq Azərbaycana ekstradisiya edilib.

Trend xəbər
verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin
aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət
törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə
gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam
etdirilir.

Oktyabrın 16-da İnterpolun Azərbaycan Respublikasındakı Milli
Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş daha bir
şəxsin Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata
keçirilib.




Belə ki, bir sıra şəxslərlə mütəşəkkil dəstə yaradaraq xüsusilə
külli miqdarda pul vəsaitlərini (kriptovalyuta) qanunsuz olaraq
ölkəmizdən xarici ölkələrə və xarici ölkələrdən Azərbaycan
Respublikasına köçürülməsi fəaliyyəti ilə məşğul olmuş və
mütəşəkkil dəstə halında cinayət yolu ilə əldə olunmuş xeyli
miqdarda əmlakı leqallaşdırma (Cinayət Məcəlləsinin 193-1.3.1,
193-1.3.2 və 206-1.3-cü maddələri) cinayət əməllərini törətməkdə
ittiham edilmiş Rusiya Federasiyasının vətəndaşı Sergey Sergeevin
yeri Birləşmiş Ərəb Əmirliklərində müəyyən olunub və o, həbs
edilib.

BƏƏ ilə mövcud olan Ekstradisiya haqqında ikitərəfli müqaviləyə
əsasən səlahiyyətli qurum kimi Ədliyyə Nazirliyi tərəfindən müvafiq
sorğu və tələb olunan sənədlər qarşı tərəfə təqdim olunub, habelə
səmərəli danışıqlar aparılıb. Nəticədə həmin şəxsin ölkəmizə
ekstradisiyası ilə bağlı razılıq əldə olunub və S.Sergeev ölkəmizə
gətirilərək məhkəmənin həbs qərarına əsasən Ədliyyə Nazirliyinin
Penitensiar xidmətinin müvafiq istintaq təcridxanasına
yerləşdirilib.

“Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam
etdirilir”,-qurumdan əlavə olunub.