
Bakı. Trend:
Tezliklə elektrik enerjisi istehsal etməyə başlayacaq “Akkuyu”
Atom Elektrik Stansiyasından əlavə, Ankara yeni nüvə enerjisi
layihələrini işə salmağı planlaşdırır.
Trend-in
məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
hökumətin iclasından sonra keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Türkiyə hakimiyyətinin əsas məqsədlərindən
biri ölkənin enerji asılılığını azaltmaqdır.
Bu baxımdan o, ölkədə, o cümlədən Qara dənizdəki “Sakarya”
yatağında qaz və neft hasilatının artırılmasının vacibliyini qeyd
edib.
“Bu gün “Sakarya” yatağından hasil edilən məişət qazı dörd
milyon müştərinin tələbatını ödəyir. Qara dənizdə hasilat gələn ilə
iki dəfə, 2028-ci ilə qədər isə dörd dəfə artacaq”, – deyə
R.T.Ərdoğan qeyd edib.
O, həmçinin ölkədə aşkar edilən nadir torpaq elementlərinin
əhəmiyyətli ehtiyatları barədə məlumat verib.
Türkiyə prezidenti bildirib ki, Əskişəhər vilayətinin Bəylikova
rayonunda təxminən 694 milyon ton barit, flüorit və digər nadir
torpaq elementləri aşkar edilib və bu, dünyanın ikinci ən böyük
yatağıdır.
“Biz Türkiyəni dünyanın ilk beş istehsalçısından birinə
çevirməyi planlaşdırırıq”, – deyə R.T.Ərdoğan əlavə edib.


