Bakı. Trend:
Qan donoru olmaq orqanizm üçün çox faydalıdır.
Trend xəbər verir ki, bu
fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında
keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Respublika Qan
Bankının Donor qanı və onun komponentlərinin təhlükəsizliyinin
təmin edilməsi şöbəsinin müdiri Növrəstə Hacılı açıqlayıb.
Onun sözlərinə görə, hər bir donor qan verməzdən öncə tibbi
müayinə və analizlərdən keçir: “Donor qanı HİV, Hepatit B və C,
sifilis kimi infeksiyalara qarşı yoxlanılır. Bu yolla donor həm də
öz sağlamlığı haqqında məlumat alır. Qan verildikdən sonra
orqanizmdə itirilən qan qısa müddətə bərpa olunur. Bu, immun
sistemini və qan dövranını gücləndirir. Qan təzyiqi və dəmir
balansını tənzimləyir. Qan ixtisaslı mərkəzdə xüsusi tibbi
qaydalara uyğun verilirsə, donor olmaq təhlükəsizdir”.
N.Hacılı qeyd edib ki, 18-65 yaş arası, çəkisi 50 kq-dan yuxarı
olan şəxslər qan donoru ola bilərlər: “Bu şərtlə ki, onlarda
xroniki və infeksion xəstəliklər, qan azlığı və ya qan xəstəlikləri
olmasın. Eləcə də, 1 il ərzində hansısa əməliyyat keçirmiş, doğuş,
döymə və ya digər tibbi prosedurlar etdirmiş şəxslər, hamilə
qadınlar, süd verən analar qan verə bilməzlər. Qan vermək sadəcə
humanist addım deyil, həm də donorun sağlamlığına bir sıra müsbət
təsirlər göstərir. Müntəzəm qan verən şəxslərdə infarkt və insult
riski donor olmayanlarla müqayisədə daha az olur. Yeni qan
hüceyrələrinin yaranması orqanizmdə oksigenin daşınmasını və
toxumaların qidalanmasını yaxşılaşdırır. Yəni, donorun orqanizmi
daha “gənc” və sağlam qanla təzələnir”.
Həmçinin bildirilib ki, donor olmaq humanizm və mənəvi rahatlıq
yaradır:
“İnsan başqasının həyatını xilas etdiyini biləndə özünü faydalı
və dəyərli hiss edir. Bu da öz növbəsində psixoloji məmnunluq
yaradır. Donorluq cəmiyyətdə yardımlaşma və birliyə çağırışdır.
Eyni zamanda, sağlam cəmiyyətin formalaşması üçün vacib
şərtdir”.

