
Bakı. Trend:
Kabo-Verde milli komandası futbol üzrə 2026-cı il dünya
çempionatının seçmə mərhələsində Esvatini yığmasını 3:0 hesabı ilə
məğlub edərək, mundialın final mərhələsinə vəsiqə qazanıb.
Trend xəbər verir
ki, Afrika təmsilçisi qrupda 10 turdan sonra 23 xalla birinci yeri
tutaraq tarixi uğura imza atıb. Bu, Kabo-Verdə millisinin tarixində
ilk dəfə dünya çempionatında iştirak edəcəyi deməkdir.
Kabo-Verde mundiala vəsiqə qazanan 22-ci komanda olub. Daha
əvvəl bu hüququ Meksika, ABŞ, Kanada (hamısı ev sahibi), Yaponiya,
İran, Cənubi Koreya, İordaniya, Avstraliya, Özbəkistan, Yeni
Zelandiya, Argentina, Ekvador, Braziliya, Kolumbiya, Uruqvay,
Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair və Qana milliləri əldə
ediblər.
Dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində keçiriləcək.


