Azərbaycan iqtisadi dayanıqlığını və investorlar üçün cəlbediciliyini qoruyub saxlayır – “Fitch” (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq reytinq agentliyi “Fitch” Azərbaycanın real ÜDM-i
2026-cı ildə 2,5 faiz artacağını proqnozlaşdırır. Bu artım, əsasən
qeyri-neft sektorlarının inkişafı və dövlətin genişmiqyaslı
investisiya proqramları hesabına baş verəcək.

Bu barədə Trend
müsahibəsində “Fitch Ratings” agentliyinin “Sovereigns and
Supranationals” bölməsinin direktoru Arvind Ramakrişnan məlumat
verib.

Onun sözlərinə görə, hazırda manatın sabitliyi, büdcə
dayanıqlığı və xarici investisiyaların artım perspektivləri
qorunur. Bu isə yeni neft-qaz layihələri və tranzit ticarətinin
genişlənməsi ilə dəstəklənir.

“Fitch”in Azərbaycanın 2026-cı il iqtisadi artımı üzrə
proqnozu və əsas inkişaf istiqamətləri

A.Ramakrişnan bildirib ki, “Fitch” 2026-cı il üçün real ÜDM
artımını 2,5 faiz səviyyəsində proqnozlaşdırır. Bu göstərici
Azərbaycanın orta müddətli artım potensialına yaxındır. Artım,
əsasən qeyri-neft sektoru və dövlət investisiyaları hesabına təmin
olunacaq. Neft hasilatında azalma davam etsə də, təbii qazın
istehsalı artıma müəyyən qədər dəstək verəcək.

“İnformasiya-kommunikasiya texnologiyaları və nəqliyyat
sahəsində yaxşı artım perspektivləri mövcuddur. Xüsusilə sonuncu
üçün dövlətin iri investisiyaları və Orta Dəhliz çərçivəsində
tranzit əməliyyatları böyük əhəmiyyət daşıyır.

Son illərdə qeyri-neft sektorundakı artım Qarabağda aparılan
bərpa işləri hesabına da ciddi təkan alıb. Lakin kapital
xərclərinin pik həddə çatması ilə bu faktorun artıma təsiri
tədricən azalacaq”,- deyə A.Ramakrişnan vurğulayıb.

Azərbaycanın fiskal dayanıqlığı və “Fitch”in
2026–2027-ci illər üzrə büdcə balansı proqnozu

Onun sözlərinə görə, “Fitch 2026”-cı ildə konsolidə edilmiş
büdcənin ÜDM-in 0,3 faizi həcmində profisitlə (2024-cü ildə: 3,6%)
yekunlaşacağını, 2027-ci ildə isə kiçik bir kəsirə keçəcəyini
gözləyir.




“Azərbaycan “BBB” səviyyəsində investisiya reytinqini sabit
proqnozla qoruyur. Bu, ölkənin davamlı xarici balansı və aşağı
dövlət borcu ilə əsaslandırılır. Bundan əlavə, dövlət maliyyəsinin
dayanıqlığı yüksək maliyyələşmə çevikliyi və ödəmə qabiliyyəti ilə
təmin olunur. Bunun əsas mənbəyi Azərbaycan Respublikasının Dövlət
Neft Fondu (SOFAZ) və dövlət depozitlərindəki əhəmiyyətli
aktivlərdir”, – deyə A.Ramakrişnan qeyd edib.

“Fitch”in manatın sabit məzənnəsi və ABŞ dollarına
bağlılığının qorunması ilə bağlı proqnozu

“Fitch”in proqnozlarına görə, manatın ABŞ dollarına faktiki
bağlılığı yaxın illərdə 1,70 səviyyəsində qalacaq. Agentlik hesab
edir ki, Azərbaycan rəsmiləri bu valyuta rejiminə sadiqdir və
dövlətin valyuta ehtiyatları onu qorumaq üçün kifayətdir.

“Fitch”in Azərbaycanın neft-qaz gəlirləri və hasilat
dinamikası üzrə 2027-ci ilə qədər proqnozu

“Neft-qaz gəlirləri birbaşa dünya bazarındakı qiymətlərdən
asılıdır və buna görə də dəyişkən ola bilər. “Fitch”in neft
qiymətləri üzrə proqnozu 2025-ci il üçün 70 dollar, 2026–2027-ci
illər üçün isə 65 dollar səviyyəsindədir.

2025–2027-ci illərdə neft gəlirlərinin sabitləşəcəyi, lakin
hasilatın 2024-cü illə müqayisədə təxminən 9 faiz azalacağı
gözlənilir. Qaz hasilatı isə, əksinə, 2027-ci ilin sonuna qədər
2024-cü illə müqayisədə təxminən 5 faiz artacaq”,- deyə
A.Ramakrişnan bildirib.

“Fitch”in Azərbaycanın investisiya mühiti və “Qarabağ”
yatağının xarici investisiyalara təsiri ilə bağlı
qiymətləndirməsi

Direktor onu da qeyd edib ki, Azərbaycanın investisiya mühiti
müəyyən qədər dövlətin iqtisadiyyatda böyük paya malik olması,
maliyyə vasitəçiliyinin zəif inkişafı və enerji sektoru xaricindəki
xarici investisiyaların azlığı ilə məhdudlaşır.

“Fitch”in qiymətləndirməsinə görə, investisiya mühitində
fundamental dəyişikliklər üçün müəyyən vaxt tələb olunur. Bununla
belə, “Qarabağ” neft yatağında hasilatın 2029-cu ildə başlanması və
Azərbaycanın tranzit ticarətində artan rolu yaxın illərdə xarici
investisiyaların artmasına töhfə verə bilər.