Şəki “Terra Madre” qastronomiya festivalına ev sahibliyi edir

Baş səhifə

Bakı. Trend:

Oktyabrın 11-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı,
tabeliyindəki Azərbaycan Turizm Bürosu və Azərbaycan Milli
Kulinariya Mərkəzinin, eləcə də “Slow Food International”
hərəkatının əməkdaşlığı ilə Şəki şəhərindəki “Yuxarı Baş” Dövlət
Tarix-Memarlıq Qoruğu ərazisində “Terra Madre Shaki” qastronomiya
festivalı keçirilib.

Trend xəbər verir
ki, festivalın açılış mərasimində Dövlət Turizm Agentliyinin sədri
Fuad Nağıyev, Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov,
“Slow Food International”ın prezidenti Edvard Mukibi çıxış edərək,
UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alan və tarixi İpək Yolu
şəhəri olan Şəkidə təşkil edilən “Terra Madre” qastronomiya
festivalının əhəmiyyətindən danışıblar.

Bildirilib ki, Azərbaycanda ilk dəfə keçirilən və ölkəmizə “Slow
Food” təcrübəsini gətirən festivalın əsas məqsədi kənd icmalarının
balanslı inkişafına dəstək olmaqla dayanıqlı qida sistemini, yerli
kulinariya ənənələrini və mədəni irsi təşviq etmək, eyni zamanda
aqrobiomüxtəliflik ehtiyatlarının səmərəli istehsal və istehlakına
töhfə verməkdir.

Vurğulanıb ki, “Slow Food” dadlı, təmiz və sosial ədalətlilik
prinsiplərinə əsaslanan daha sağlam qidalanmanı təmin edən, milli
və regional mətbəxlərin ənənələrini qoruyub saxlayan yanaşmadır.
Ümumilikdə “Terra Madre Shaki” festivalı Şəki-Zaqatala və Dağlıq
Şirvan iqtisadi regionlarında həyata keçirilmiş “Slow Food”
layihəsinin yeni mərhələsi kimi çıxış edir.




Qeyd edək ki, Şəkinin tarixi mərkəzində keçirilən festivalda
kənd təsərrüfatı siyasəti və qastronomiya üzrə ekspertlərin forumu,
hökumət nümayəndələri və sənaye mütəxəssislərinin iştirakı ilə
biomüxtəliflik, şərabçılıq üzrə dəyirmi masa müzakirələri təşkil
edilib. 30-a yaxın yerli istehsalçı fermer tərəfindən hazırlanan
məhsulların yarmarkası, həmçinin dequstasiya və ustad dərsləri
keçirilib.

Yarmarkada, ümumilikdə 26 bölmə üzrə 13 stenddə Qəbələ və
İsmayıllıda yetişdirilən ata-baba fındığı, Dəmirçi, Basqal və Lahıc
dağ kəndlərində hazırlanan qara halva, mürəbbələr, Abşeronun
zəncirfərəc şirniyyatı, Qax-Zaqatala bölgəsinə xas olan maxara,
Lənkəranın müxtəlif çay növləri, Şəkinin “Bio garden”
təsərrüfatında orqanik üsullarla yetişdirilən meyvə, tərəvəz və
giləmeyvələr, Şəki paxlavası, Şəki şərabları, Şamaxının Mədrəsə
üzümü, Qafqazın dağlıq ərazilərində hazırlanan pendir növləri,
Qaladərəsi kəndində istehsal olunan süd məhsulları, İvanovka
kəndinə məxsus günəbaxan yağları, Naxçıvan qovurması və sair
məhsullar ziyarətçilərə təqdim olunub.

Musiqiçilərin, folklor qruplarının və sənətkarların çıxışları da
festival iştirakçıları tərəfindən maraqla qarşılanıb.