
Bakı. Trend:
Azərbaycanın açıq və çoxşaxəli xarici siyasətinin uğurları
davamlılığı ilə diqqətdədir. Həm qarşılıqlı şəfərlər, həm də
Prezident İlham Əliyevin iştirak etdiyi tədbirlər dinamikliyi ilə
diqqətdədir.
Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Vüqar Rəhimzadə
bildirib.
Deputat qeyd edib ki, bunun üçün təkcə son aylarda qeyd olunan
istiqamətdə atılan addımlara diqqət yetirmək kifayətdir:
“Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci
sessiyasında iştirak etmək üçün Nyu-York şəhərində işgüzar səfərdə
oldu. Onun ardınca “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə Görüşündə
iştirak etmək üçün Danimarkaya işgüzar səfər etdi. Bu günlərdə,
oktyabrın 7-də Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət
Başçıları Şurasının XII Zirvə Görüşü keçirildi. Bunun ardınca isə
Prezident İlham Əliyev oktyabrın 9-da MDB Dövlət Başçıları
Şurasının iclasında iştirak etmək üçün Tacikistan Prezidenti
Emoməli Rəhmonun dəvəti ilə Düşənbəyə səfər etdi. Bu tədbirlər,
eyni zamanda, öz növbəsində onların keçirildiyi ölkələrlə
Azərbaycanın münasibətlərinə işıq saldı. Tədbirlər çərçivəsində
diqqətçəkən və qürurverici məqamlardan biri qarşı tərəflərin
müraciətləri əsasında Prezident İlham Əliyevin çoxsaylı görüşlər
keçirməsidir. Bu baxımdan Düşənbə səfəri də mühüm əhəmiyyət kəsb
etdi.
Tacikistanın paytaxtında keçirilən MDB Dövlət Başçıları
Şurasının məhdud tərkibdə iclasında çıxış edən Prezident İlham
Əliyev Düşənbədə dəfələrlə olduğunu, ölkənin paytaxtının necə
sürətlə inkişaf etdiyini, yeni binaların tikildiyini gördüyünü
xüsusi vurğuladı. Prezident İlham Əliyev çıxışında, həmçinin
Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin
ardıcıl inkişafını qeyd etdi. Bu münasibətlər qardaşlıq, dostluq,
qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına
malikdir”.
Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan və Tacikistan
prezidentlərinin görüşündə yüksəksəviyyəli qarşılıqlı səfərlərin
müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinə verdiyi
töhfəyə toxunuldu. MDB Dövlət Başçıları Şurasının Düşənbədə
keçirilən iclasının aktual məsələlərin müzakirəsinə yaxşı imkan
yaratdığı qeyd edildi. Görüşdə Azərbaycan və Tacikistan
prezidentləri əlaqələrimizin uğurla inkişaf etdiyini vurğuladılar
və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi
apardılar.
Son illərin reallıqlarından biri də budur ki, Azərbaycanın
Mərkəzi Asiya ölkələri ilə münasibətlərində böyük canlanma müşahidə
olunur. Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla
münasibətləri də xüsusi əhəmiyyətə malikdir. İki ölkənin
münasibətlərinin tarixinə qısa nəzər salaq. Diplomatik
münasibətlərimiz 1992-ci ildə qurulub. 2007-ci ildə Azərbaycanın
Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi
fəaliyyətə başlayıb. İki ölkə arasında ümumilikdə 60-dan çox sənəd,
o cümlədən 2007-ci ildə “Azərbaycan Respublikası və Tacikistan
Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə”
imzalanıb. Ölkələrimizin münasibətlərində elm və təhsil sahəsində
əməkdaşlıq əlaqələri də mühüm yer tutur. Ölkələrimiz arasında
qarşılıqlı mədəniyyət günləri və kino həftəsi keçirilib. Hər iki
ölkə beynəlxalq və regional təşkilatlar, xüsusilə İqtisadi
Əməkdaşlıq Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edir. Ölkələrimiz
arasında münasibətlərin inkişafı yaxşı perspektiv vəd edir və bunun
üçün böyük potensial mövcuddur.
Vüqar Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyev MDB Dövlət
Başçıları Şurasının iclasında Azərbaycan-Tacikistan münasibətləri
ilə yanaşı, qurum daxilində əlaqələrin inkişafına diqqəti yönəltdi.
“Bugünkü iclasda humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi
məsələlərinə toxunmaq istərdim” söyləyən Prezident İlham Əliyev
bildirdi ki, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin
bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini
dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürümü
bildirirəm. Bu ilin iyununda Laçında “MDB-nin mədəniyyət paytaxtı
İli”nin açılış mərasimi keçirildi. Azərbaycanın bu qədim torpağının
tarixi, mədəni irsi haqqında məlumat verildi. Tədbirin qonaqları
Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra
sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular. Tamamilə
dağıdılmış Laçın bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat
şəhərlərdən birinə çevrilib. Laçının “MDB-nin mədəniyyət paytaxtı”
elan edilməsi bu şəhərin mədəni dirçəlişinə və beynəlxalq
əməkdaşlıq sisteminə fəal inteqrasiyasına mühüm töhfədir.
Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev MDB Dövlət
Başçıları Şurasının məhdud tərkibdə iclasında diqqəti, eyni
zamanda, Birliyin həyatında daha bir mühüm hadisəyə yönəltdi.
Sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində – XII əsrin
dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində
III MDB Oyunları keçirildi. Gəncə ilə yanaşı, Azərbaycanın daha
altı şəhərində – Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi,
Şəkidə 13 ölkədən – həm MDB üzvləri olan, həm də qonaq ölkələrdən
1600-dən çox idmançı qəbul edildi. Azərbaycanda idmanın inkişafına
böyük əhəmiyyət verilir. Prezident İlham Əliyevin xüsusi diqqət və
qayğısı sayəsində ölkəmiz beynəlxalq idman ailəsinin nüfuzlu və
etibarlı üzvlərindən birinə çevrilmişdir. Azərbaycan müxtəlif
illərdə ən mötəbər beynəlxalq yarışlara ev sahibliyi etməklə
bacarıqlı təşkilatçı kimi özünü təsdiq etmişdir. Bakıda 2015-ci
ildə Birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi
Oyunları, eləcə də müxtəlif növlər üzrə dünya və qitə çempionatları
yüksək səviyyədə keçirilmişdir.
Vüqar Rəhimzadə bildirib ki, bu qəbildən tədbirlər MDB məkanında
və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir,
bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə
əsaslanan münasibətlərin güclənməsinə kömək edir. III MDB Oyunları
Azərbaycanın yüksək ev sahibliyi ilə tarixə yazıldı. Bu tədbir MDB
ölkələri arasında dostluğa, əməkdaşlığa yeni əlavələr etdi.


