Bakıdan Rioyadək: Azərbaycan Qlobal Cənubun geosiyasi xəritəsini necə dəyişir

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın Latın Amerikasında diplomatik iştirakının tarixi
strateji məqsədlər dəqiq müəyyənləşdirildiyi və xarici siyasət
planlaşdırması ardıcıl aparıldığı halda coğrafi uzaqlığın maneə
olmadığının parlaq nümunəsidir. Müstəqilliyin bərpasından dərhal
sonra rəsmi Bakı anlayırdı ki, yeni xarici siyasət postsovet məkanı
və ya yaxın qonşularla məhdudlaşa bilməz. Artıq ilkin mərhələdə
Azərbaycan rəhbərliyi Qlobal Cənub ölkələrinin, xüsusilə də Latın
Amerikacsnın təkcə iqtisadi ehtiyat deyil, həm də yeni formalaşan
çoxqütblü dünyada mühüm siyasi resurs olduğunu dərk etmişdi.

Diplomatik münasibətlərin qurulmasının ilk dalğası 1992–1993-cü
illərə təsadüf etdi: 1992-ci il fevralın 10-da Azərbaycan Meksika
ilə, 1993-cü il oktyabrın 21-də Braziliya ilə, həmin ilin noyabrın
8-də isə Argentina ilə əlaqələr qurdu.

Bu addımlar daha çox simvolik xarakter daşısa da, gələcək
əməkdaşlıq üçün təməl rolunu oynadı. 2000-ci illərdə isə yeni
mərhələ başlandı – bəyannamə səviyyəsində iştirakdan sistemli
əməkdaşlığa keçid dövrü. Bu baxımdan Azərbaycanın xarici işlər
nazirinin Argentina, Peru, Uruqvay və Kolumbiyaya səfəri mühüm
dönüş nöqtəsi oldu və regiona ilk genişmiqyaslı diplomatik-iqtisadi
tur kimi yadda qaldı.

Diqqətçəkən məqam ondan ibarət idi ki, nümayəndə heyətinə yalnız
diplomatlar deyil, həm də İxracın və İnvestisiyaların Təşviqi Fondu
(AZPROMO) və biznes dairələrinin nümayəndələri daxil idi. Bu da
Bakının siyasi dialoqu konkret iqtisadi layihələrə çevirmək
niyyətində olduğunu göstərirdi.

Hazırda Azərbaycan regionun dörd əsas ölkəsində – Braziliya,
Argentina, Meksika və Kubada tam səfirliklərlə təmsil olunur. Çili,
Kolumbiya, Peru və Uruqvay kimi mühüm tərəfdaşlarla isə əlaqələr
qeyri-rezident missiyalar vasitəsilə inkişaf etdirilir ki, bu da
diplomatik iştirakda çevik yanaşmanı əks etdirir. Çoxsaylı
beynəlxalq platformalarda əməkdaşlıq da önəmli rol oynayıb. Latın
Amerikası ölkələri Azərbaycanın 2012–2013-cü illərdə BMT
Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini fəal şəkildə
dəstəklədilər ki, bu da təkcə etimad göstəricisi deyil, həm də
sistemli diplomatik fəaliyyətin nəticəsi idi.

Bakı regiona marağının situativ olmadığını sübut etməyi bacardı.
Son illərdə əməkdaşlıq klassik diplomatiya çərçivəsini xeyli
aşmışdır. 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi
dövründə bu ən böyük beynəlxalq təşkilatın sammitinə ev sahibliyi
etdi və tədbirdə Latın Amerikasından ondan çox ölkənin
nümayəndələri iştirak etdilər. 2023–2024-cü illərdə NAM Əlaqə Qrupu
çərçivəsində qlobal idarəetmənin islahatı məsələləri fəal şəkildə
müzakirə olundu və bu mövzuda Azərbaycanın mövqeyi Cənubi Amerika
ölkələrinin əksəriyyəti ilə üst-üstə düşür: çoxqütblü dünya
zərurəti, suverenliyə hörmət, sanksiya təzyiqinin və güclülərin
diktəsinin yolverilməzliyi.

Yaxınlaşmanı asanlaşdıran mühüm amillərdən biri də odur ki,
Azərbaycan və Cənubi Amerikanın bir çox dövlətləri oxşar tarixi
təcrübəyə – antikolonial mübarizəyə, müstəqillik arzularına, öz
inkişaf modelini axtarmağa malikdirlər. Məhz bu, Bakıya
münasibətləri donor və benefisiar kimi deyil, qarşılıqlı hörmətə
əsaslanan və oxşar strateji hədəfləri paylaşan tərəfdaşlar kimi
qurmağa imkan verir.

XXI əsrdə diplomatiya iqtisadi məzmun olmadan mənasını itirir.
Azərbaycanın Latın Amerikası ilə əməkdaşlıq strategiyası tədricən
simvolik jestlər çərçivəsindən çıxır və konkret iqtisadi maraqlar
ətrafında formalaşır. Burada prosesin ikitərəfli xarakteri
vacibdir: yalnız Cənubi Amerika Azərbaycanın diqqət dairəsində
deyil, Bakı da regionda getdikcə daha çox strateji tərəfdaş kimi
qəbul olunur.

Qitə ölkələri üçün Azərbaycan təbii resurslara əsaslanan
iqtisadiyyatı dayanıqlı inkişaf modelinə çevirməyin uğurlu nümunəsi
kimi maraq doğurur. SOCAR dövlət neft şirkəti kimi dünya
bazarlarına inteqrasiya olunmaqla yanaşı, yüksək texnoloji və
sosial layihələrə sərmayə qoymağı bacarmış nümunə hesab edilir.
Məsələn, Qarabağda həyata keçirilən “ağıllı kənd” və “ağıllı şəhər”
proqramları kənd infrastrukturunun modernləşdirilməsi problemi ilə
üzləşən Boliviya, Paraqvay və Qvatemalada böyük maraq doğurur.

Digər tərəfdən, Azərbaycan Cənubi Amerikanın unikal imkanlarına
çıxış əldə edir. Qlobal ərzaq qeyri-sabitliyi və dünya əhalisinin
artdığı şəraitdə etibarlı ərzaq tədarükü strateji amilə çevrilir.
Braziliya, Argentina və Paraqvay dünyanın ən iri beş aqrar
ixracatçısı sırasındadır və Bakıya ət, taxıl, soya və şəkərin sabit
tədarükünü təmin edə bilər. Çili, Boliviya və Peru isə
elektromobillər, Günəş və külək qurğuları üçün akkumulyatorların
istehsalında əsas komponent olan litium hasilatında liderdir.
Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, 2030-cu ilə
qədər litiuma qlobal tələbat 3,5 dəfə artacaq və bu sahədə strateji
tərəfdaşlıq Azərbaycan-Latın Amerikası əməkdaşlığının yeni
istiqamətinə çevrilə bilər.

Azərbaycan üçün digər mühüm maraq sahəsi Braziliyanın “Embraer”
şirkətinin təcrübəsidir – bu, dünyanın ən böyük yüngül təyyarə və
pilotsuz uçuş sistemləri istehsalçılarından biridir. PUA-lara artan
tələbat və Azərbaycanın öz müdafiə sənayesini inkişaf etdirməsi
fonunda texnologiya mübadiləsi və Embraer ilə birgə proqramlar
ölkəmiz üçün yeni üfüqlər açır.

İqtisadi əməkdaşlıq artıq konkret nəticələr verməyə başlayıb.
Həcmlərin nisbətən kiçik olmasına baxmayaraq, dinamika olduqca
təsir edicidir. Braziliya regionda Azərbaycanın ən böyük tərəfdaşı
olaraq qalır: 2024-cü ildə ticarət dövriyyəsi 52 milyon dollara
çatıb ki, bu da əvvəlki illə müqayisədə 12% artım deməkdir.
Azərbaycanın ixracında əsas yeri neft-kimya məhsulları tutur,
idxalda isə şəkər, ət və qəhvə üstünlük təşkil edir. Argentina ilə
ticarət dövriyyəsi 15% artaraq 9 milyon dollara yüksəlib, əsasən
kənd təsərrüfatı məhsulları və şərabın tədarükü hesabına. Çili və
Kolumbiya ilə neft-kimya məhsullarının tədarükü və aqrar mübadilə
proqramları aktiv şəkildə müzakirə olunur. Kuba ilə Azərbaycan
arasında isə tibb sahəsində əməkdaşlıq – həkimlərin mübadiləsindən
tutmuş mütəxəssislərin birgə hazırlanmasına qədər – inkişaf
etdirilir.

Əsas istiqamətlərdən biri də investisiyalardır. 2023–2024-cü
illərdə Azərbaycan şirkətləri Yaxın Şərq bazarına ixrac üçün soya
və qarğıdalı istehsalına yönəlmiş aqrar layihələri Paraqvay və
Uruqvayda nəzərdən keçirməyə başlayıblar. Digər tərəfdən, Latın
Amerikası istehsalçıları, xüsusilə Bakı limanının və Orta Dəhlizin
inkişafı kontekstində, Azərbaycanın logistika sektoruna maraq
göstərirlər.

İqtisadi əməkdaşlıq biznes assosiasiyaları səviyyəsində də
güclənir. 2024-cü ildə AZPROMO Braziliya, Argentina və Çili
şirkətlərinin iştirakı ilə ondan çox biznes forum təşkil edib.
Onlardan biri – Bakıda keçirilmiş Azərbaycan-Braziliya biznes
forumu – iki ölkənin özəl sektorları arasında dialoq üçün
münasibətlərin tarixində ən böyük platformaya çevrilib. Müzakirə
olunan mövzular arasında aqrar sektor, logistika, qida sənayesi və
bərpa olunan enerji sahələrində birgə müəssisələrin yaradılması
var.

Hər bir transregional strategiya obyektiv çağırışlarla – siyasi,
infrastruktur və sosial maneələrlə – üzləşir. Azərbaycan-Latın
Amerikası əməkdaşlığı üçün iki əsas maneə mövcuddur: erməni
diasporunun təsiri və logistika təcridliyi.

Birinci amil uzun müddət demək olar ki, aşılmaz hesab olunurdu.
Erməni diasporu ənənəvi olaraq Cənubi Amerikada, xüsusilə də
Argentinada və Uruqvayda güclüdür. Müxtəlif hesablamalara görə,
yalnız Argentinada 90 mindən 120 minə qədər erməni əsilli insan
yaşayır. 1990-cı illərin əvvəlindən diaspor əsasən qondarma
“soyqırım” adlandırılan məsələnin təbliği üçün siyasi və media
kanallarından fəal şəkildə istifadə edib. Bu fonda bir çox
analitiklər Azərbaycan mövqelərinin regionda təşviqinin elə
əvvəlcədən bloklanacağını düşünürdülər.

Lakin reallıq daha mürəkkəb çıxdı. Birincisi, erməni diasporunun
ideoloji gündəliyi tədricən təsirini itirir. Praktik məzmundan
məhrum olan stereotip aksiyalar və illik “xatirə” kampaniyaları
cəmiyyətdə artan praqmatizm və iqtisadi əməkdaşlıq tələbinə cavab
vermir.

Məsələn, 2023-cü ildə Buenos-Ayresdə keçirilən antiazərbaycan
aksiyasının uğursuzluğu bunu sübut etdi: diaspor strukturlarının
fəal səfərbərliyinə baxmayaraq, tədbirə 200-dən az adam qatıldı və
milli media tərəfindən demək olar ki, diqqətə alınmadı.

İkincisi, Azərbaycan qarşıdurmaya deyil, strateji təklifə
üstünlük verdi. Diasporun ideoloji gündəm diktə etməyə çalışdığı
yerdə Bakı konkret iqtisadi və texnoloji layihələr irəli sürür.
İnflyasiya, ərzaq qeyri-sabitliyi və sosial bərabərsizliklə
mübarizə aparan ölkələr üçün bu yanaşma daha cəlbedici görünür.
Latın Amerikalı siyasətçilər və biznesmenlər enerji, kənd
təsərrüfatı, logistika və rəqəmsal texnologiyalar sahəsində
əməkdaşlıq imkanlarını növbəti “tarixi” mübahisələrdən daha həvəslə
müzakirə edirlər.

Üçüncüsü, Azərbaycan vətəndaş cəmiyyəti və ekspert mühiti
səviyyəsində əlaqələrin qurulması istiqamətində atdığı addımlar
nəticə verməyə başlayıb. Birgə tədqiqat mərkəzlərinin yaradılması,
tələbə mübadiləsi və Latın Amerikası nümayəndələrinin Azərbaycanın
beynəlxalq konfranslarında iştirakı diasporun təsir edə bilmədiyi
yeni əlaqə qatını formalaşdırır.

Məsələn, 2024-cü ildə Bakı Dövlət Universiteti Kolumbiya Milli
Universiteti və San-Paulu Universiteti ilə akademik əməkdaşlıq
sazişləri imzalayıb, bu sazişlər enerji və aqrar iqtisadiyyat
sahəsində mübadilə proqramlarını və birgə tədqiqatları əhatə
edir.

İdeoloji baryerlər tədricən aradan qalxdığı halda, logistika
hələ də ciddi çağırış olaraq qalır. Qafqaz ilə Cənubi Amerika
arasındakı coğrafi məsafə özlüyündə aşılmaz olmasa da, birbaşa
nəqliyyat marşrutlarının olmaması və logistika zəncirlərinin
mürəkkəbliyi daşımaların dəyərini və müddətini xeyli artırır.
Hazırda yüklərin böyük hissəsi Rotterdam və ya Hamburq
limanlarından keçir ki, bu da marşrutu 25–30 gün uzadır və maya
dəyərini 20%-dək artırır.

Bununla belə, son illərdə vəziyyət dəyişməyə başlayıb.
Azərbaycan Çinlə Avropanı Qazaxıstan, Xəzər, Azərbaycan, Gürcüstan
və Türkiyə vasitəsilə birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat
Dəhlizinin (Orta Dəhliz) infrastrukturunu fəal şəkildə inkişaf
etdirir. 2024-cü ildə bu marşrutla 2,8 milyon tondan çox yük
daşınıb – bu, əvvəlki illə müqayisədə 35% çoxdur. 2023-cü ildə
modernizasiyası tamamlanan Bakı limanı artıq Avrasiyanın ən mühüm
multimodal hablarından birinə çevrilib və ildə 25 milyon tonadək
yük qəbul etmək imkanına malikdir.

Məhz bu infrastruktur gələcək Azərbaycan–Latın Amerikası
əməkdaşlığının dayağı ola bilər. Braziliya, Argentina və ya Çilidən
yüklər İspaniya və ya Türkiyə limanlarına daxil olaraq, buradan
Qafqaz və Orta Dəhliz vasitəsilə Mərkəzi Asiya və Çinə doğru
hərəkət edə bilər. Beləliklə, Bakı Cənubi Amerikanı Avrasiya məkanı
ilə birləşdirən logistika qovşağına çevrilir. Artıq bu gün
Azərbaycan tərəfi bir sıra braziliyalı və çilili logistika
operatorları ilə Ələt qəsəbəsində birgə terminallar və anbar
komplekslərinin yaradılmasını müzakirə edir.

Daha bir strateji layihə – “Cənub – Orta Dəhliz” adlı nəqliyyat
və logistika konsorsiumunun yaradılmasıdır. Bu konsorsium
Azərbaycan, Türkiyə, İspaniya və Braziliya şirkətlərini
birləşdirərək Latın Amerikası ilə Asiya arasında yükdaşıma
prosesini optimallaşdırmağı hədəfləyir. Layihə reallaşarsa,
çatdırılma müddətini demək olar ki, iki dəfə azalda və nəqliyyat
xərclərini 15–20% aşağı sala bilər. Bu, Cənubi Amerika malları üçün
Çin, Qazaxıstan və Özbəkistan bazarlarına çıxış qapısı açacaq,
Azərbaycan ixracatçılarına isə Latın Amerikası istiqamətində
birbaşa marşrut təqdim edəcək.

Azərbaycan–Latın Amerikası münasibətlərinin müasir mərhələsi
artıq diplomatik protokol və ticarət dövriyyəsinin sərhədlərini
aşır. Gündəmdə – bir neçə əsas istiqaməti əhatə edə biləcək
uzunmüddətli strateji əməkdaşlıq arxitekturasının formalaşdırılması
dayanır.

Birinci istiqamət – yeni diplomatik platformanın yaradılmasıdır.
Azərbaycan sadəcə dialoqu deyil, hökumətlərin, parlamentlərin,
biznes dairələrinin və ekspert ictimaiyyətinin görüşə biləcəyi
institusional bir meydançanı təklif edir. “Azərbaycan – Cənubi
Amerika” Forumu ideyası 2023-cü ildən müzakirə olunur və onun
reallaşması əsl sıçrayış ola bilər. Belə bir forum uzunmüddətli
əməkdaşlıq strategiyasının işlənməsi və enerji, logistika, kənd
təsərrüfatı və təhsil sahələrində layihələrin uzlaşdırılması üçün
mexanizm rolunu oynaya bilər.

İkinci istiqamət – transkontinental nəqliyyat və logistika
sahəsinə investisiyalardır. Cənubi Amerika şirkətləri Bakını İpək
Yolu bazarlarına çıxış imkanı açan hab kimi getdikcə daha çox
görürlər. 2024-cü ildə Braziliyanın logistika şirkəti “Santos Brasil” Bakı limanında birgə terminalın
yaradılması ilə bağlı danışıqlar aparıb. Oxşar marağı Çilinin “Puerto San Antonio” və “DP World
Callao”
operatorları da göstəriblər. Bu layihələr iqtisadi
əlaqələri möhkəmləndirməklə yanaşı, Atlantika ilə Avrasiya arasında
geo-iqtisadi xəritəni dəyişdirə biləcək yeni infrastruktur
yaradacaq.

Üçüncü istiqamət – yüksək texnologiyalar və energetika sahəsində
əməkdaşlıqdır. Cənubi Amerikada bərpa olunan enerji bumu yaşanır:
2025-ci ilə qədər Braziliyanın enerji balansında bərpa olunan
enerjinin payı 48%-ə, Çilidə 53%-ə, Uruqvayda isə 90%-dən çoxa
çatacaq. Azad edilmiş ərazilərdə və Xəzərdə günəş və külək
enerjisini fəal şəkildə inkişaf etdirən Azərbaycan tərəfdaşlarına
birgə layihələr və investisiyalar təklif edə bilər. Xüsusilə
litium-ion batareyalarının istehsalı və hidrogen energetikası
sahəsində əməkdaşlıq böyük perspektiv vəd edir. Azərbaycanın
Energetika Nazirliyi artıq Boliviya və Çili şirkətləri ilə Bakıda
hidrogen energetikası üzrə tədqiqat mərkəzinin yaradılması
imkanlarını müzakirə edir.

Dördüncü istiqamət – Qlobal Cənub çərçivəsində strateji
dialoqdur. Azərbaycan və Latın Amerikası ölkələri Qoşulmama
Hərəkatı, G77 və BMT platformalarında mövqelərini fəal şəkildə
koordinasiya edirlər. 2024-cü ildə Bakıda keçirilən NAM Əlaqə
Qrupunun nazirlər görüşündə Venesuela, Kuba və Boliviya
nümayəndələri beynəlxalq maliyyə institutlarının islahatı üzrə
birgə işçi qrupunun yaradılması təşəbbüsü ilə çıxış etdilər ki, bu
da qlobal idarəetmə sistemində inkişaf etməkdə olan ölkələrin
rolunun artırılması zərurəti ilə bağlı Azərbaycanın mövqeyi ilə
üst-üstə düşür. Bu platformalarda mövqelərin sinxronizasiyası
Azərbaycanın siyasi çəkisini artırmaqla yanaşı, Qlobal Cənub
ölkələrinin yeni alyansının formalaşdırılması üçün əsas
yaradır.

XXI əsrin qlobal siyasətində coğrafiya artıq aşılmaz baryer
deyil, lakin strateji resurs olaraq əhəmiyyətini qoruyur. Vaxtilə
Qafqazla Cənubi Amerika arasında “çatılması mümkün olmayan məsafə”
kimi qəbul edilən məsafə bu gün imkanlar məkanına çevrilir. Üç on
il əvvəl regionda diplomatik iştirakın əsas mexanizmlərini quran
Azərbaycan indi praqmatizmə, iqtisadi məqsədyönlülüyə və siyasi
qarşılıqlı anlaşmaya əsaslanan yeni əməkdaşlıq arxitekturası
formalaşdırır.

Bakının əsas uğuru ondadır ki, o, Cənubi Amerika ilə
münasibətləri xarici siyasətin köməkçi istiqaməti kimi görmür.
Əksinə, bu münasibətlər Azərbaycanın Qlobal Cənubdakı mövqelərini
möhkəmləndirməsi və xarici iqtisadi əlaqələrinin şaxələndirilməsi
strategiyasının bir hissəsinə çevrilir. Bu strategiya qlobal
tendensiyaya uyğun gəlir: Dünya Bankının məlumatına görə, 2030-cu
ilə qədər Qlobal Cənub ölkələrinin birgə ÜDM-i dünya
iqtisadiyyatının 55%-ni, qlobal ticarətdəki payı isə 60%-i ötəcək.
Latın Amerikası bu prosesin ən mühüm komponentlərindən biridir və
Azərbaycan qitələr arasında körpülər quran ölkələr arasında olmağa
çalışır.

Bu siyasətin əsas alətlərindən biri inkişaf diplomatiyasıdır.
Azərbaycan tərəfdaş ölkələrdə infrastruktur və sosial layihələri
dəstəkləmək üçün enerji və maliyyə imkanlarından fəal şəkildə
istifadə edir. 2024-cü ildə Azərbaycan Beynəlxalq İnkişaf Fondu
Boliviya, Paraqvay və Kubada təhsil və səhiyyə proqramlarının
həyata keçirilməsi üçün 12 milyon dollardan artıq qrant ayırıb. Bu
layihələr təkcə Azərbaycanın imicini gücləndirmir, həm də
uzunmüddətli əməkdaşlıq üçün möhkəm sosial təməl yaradır.

Humanitar istiqamət də az əhəmiyyət daşımır. Azərbaycan
universitetləri Latın Amerikasından gələn tələbələr üçün kvotaları
artırır və mübadilə proqramları enerji və ekologiyadan tutmuş
dövlət idarəçiliyi və hüquqa qədər daha çox sahəni əhatə edir.
2025-ci ildə Azərbaycan–Latın Amerikası Strateji Araşdırmalar
Mərkəzinin açılması gözlənilir. Bu mərkəz hər iki regionda iqtisadi
və siyasi prosesləri təhlil edəcək və hökumətlər və biznes üçün
tövsiyələr hazırlayacaq.

Energetika xüsusi yer tutur. Azərbaycan yalnız texnologiya və
təcrübə təchizatçısı kimi deyil, həm də üçüncü bazarlarda birgə
investisiya layihələri üçün platforma kimi çıxış edə bilər.
Braziliyanın “Petrobras” və Çilinin “Enel” şirkətləri ilə əməkdaşlıq Mərkəzi Asiya və
Yaxın Şərqdə günəş və külək enerjisi layihələrində iştirak
kontekstində müzakirə olunur. Bu, Azərbaycan–Latın Amerikası
əməkdaşlığının ikitərəfli münasibətlər çərçivəsindən çıxaraq qlobal
enerji arxitekturasının elementi kimi formalaşa biləcəyinə parlaq
nümunədir.

Sinergiya ərzaq təhlükəsizliyi sahəsində də inkişaf edir.
FAO-nun məlumatına görə, 2030-cu ilə qədər qlobal ərzaq tələbatı
35–40% artacaq və sabit tədarükün təmin olunması beynəlxalq
siyasətin əsas vəzifələrindən birinə çevriləcək. Müasir liman
infrastrukturu və logistika potensialına malik Azərbaycan Latın
Amerikası aqrar məhsullarının Mərkəzi Asiya, Yaxın Şərq və Türkiyə
bazarlarına ixracı üçün tranzit məntəqəsinə çevrilə bilər. Artıq bu
gün taxılın saxlanması və emalı üçün birgə terminalların
yaradılması, həmçinin ət və süd məhsullarının tədarükü üçün
soyuducu logistika zəncirlərinin təşkili layihələri müzakirə
olunur.

Siyasi müstəvidə Latın Amerikası ilə əməkdaşlıq Azərbaycanın
suverenliyini və qlobal institutların islahatında rolunu
gücləndirir. Dünya təkqütblü sistemdən çoxqütblü modelə keçdiyi
şəraitdə Qlobal Cənub ölkələrinin alyansları getdikcə daha böyük
əhəmiyyət qazanır. Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində
unikal təcrübəyə malik Azərbaycan yalnız birgə bəyanatlar deyil,
konseptual təşəbbüslər də irəli sürür – BMT Təhlükəsizlik Şurasının
islahatından tutmuş enerji və ərzaq bazarlarının qlobal
tənzimlənməsinə yeni yanaşmalara qədər. Latın Amerikası ölkələri də
bu prioritetləri bölüşür: 2024-cü ildə regionun 14 ölkəsindən 11-i
beynəlxalq maliyyə institutlarının islahatı zərurətinə dair
Azərbaycan qətnaməsini dəstəklədi, Kuba və Boliviya isə enerji
sahəsində Qlobal Cənubun koordinasiya mexanizminin yaradılması
təşəbbüsünə qoşuldu.

Nəhayət, ən mühüm məqamlardan biri Azərbaycanın Latın
Amerikasının özündə qəbul edilmə formasıdır. Son on ildə Azərbaycan
“uzaq tərəfdaş” statusundan “strateji müttəfiq” səviyyəsinə
yüksəlib. 2025-ci ildə “Folha de São Paulo”
qəzetində dərc olunan analitik məqalədə Azərbaycan “qlobal enerji
və logistika infrastrukturunun yeni memarlarından biri”
adlandırıldı, argentinalı “Clarin” nəşri isə
“Bakının situativ qazanc deyil, qitədə uzunmüddətli strateji
iştirak hədəflədiyini” qeyd etdi. Bu qəbul dəyişikliyi ticarət
artımı və ya müqavilələrin imzalanması qədər önəmlidir.

Azərbaycan və Cənubi Amerikanın yaxınlaşması nə diplomatik
ekzotika, nə də xarici siyasətin ikinci dərəcəli istiqamətidir. Bu,
XXI əsrin strateji layihəsidir və hər iki tərəf burada təkcə
iqtisadi fayda deyil, həm də yeni qlobal arxitekturanın elementini
görür. Bakı bu layihəyə uzunmüddətli marafon kimi yanaşır: ani
nəticələr vəd etmir, amma iştirakını ardıcıl şəkildə artırır,
əməkdaşlığın spektrini genişləndirir və coğrafi məsafəni siyasi və
iqtisadi resursa çevirir.

Bu strategiyanın bir neçə əsas ölçüsü var. Bu – Azərbaycanı
Atlantika ilə Avrasiya arasında körpüyə çevirən enerji və logistika
sahəsidir. Bu – hər iki iqtisadiyyata yeni impuls verə biləcək
ərzaq təhlükəsizliyi və aqrar əməkdaşlıqdır. Bu – gələcək
əməkdaşlığın intellektual bazasını yaradan elm və təhsildir. Bu –
Azərbaycan və onun tərəfdaşlarının qlobal sistemdəki mövqelərini
gücləndirən diplomatiya və çoxtərəfli formatlardır.

Ən əsası isə maraqların ümumiliyinin dərk edilməsidir.
Azərbaycan və Latın Amerikası müxtəlif sivilizasiya məkanlarına
məxsusdur, lakin onları suverenlik, ədalət və beynəlxalq
münasibətlərdə bərabərlik arzusu birləşdirir. Onlar qlobal
institutların islahatında eyni dərəcədə maraqlıdır və onlara
kənardan modellərin diktə edilməsinə eyni dərəcədə həssas
yanaşırlar. Məhz bu, onların tərəfdaşlığını taktiki deyil, strateji
edir.

Qarşıdakı illərdə bu əməkdaşlıq daha da dərinləşəcək. Bu gün on
milyonlarla dollarla ölçülən ticarət dövriyyəsi yüz milyonlarla
qədər artım potensialına malikdir. Energetika, nəqliyyat və aqrar
sektor sahəsində birgə layihələr yeni iqtisadiyyatın
lokomotivlərinə çevrilə bilər. Siyasi əməkdaşlıq isə Azərbaycanı və
onun Latın Amerikalı tərəfdaşlarını yeni çoxqütblü dünyanın
dayaqlarından birinə çevirə bilər.

Bu mənada Azərbaycanın Cənubi Amerikaya doğru hərəkəti öz
ənənəvi istiqamətlərindən uzaqlaşmaq deyil, onların məntiqi
genişlənməsidir. Bu, Avropa və Asiyanın qovşağında yerləşən bir
ölkənin qitələr və güc mərkəzləri arasında bağlayıcı halqaya
çevrildiyi daha geniş strategiyanın bir hissəsidir. Və əgər iyirmi
il əvvəl Azərbaycan–Latın Amerikası strateji tərəfdaşlığı ideyası
cəsarətli bir fərziyyə kimi görünürdüsə, bu gün o, qarşıdakı
onilliklərin beynəlxalq dinamikasını müəyyən edəcək sabit bir
reallığa çevrilir.