
Bakı. Trend:
Azərbaycan və Rusiya prezidentlərinin oktyabrın 9-u Düşənbədə
keçirilən görüşü iki dövlət arasındakı münasibətlərdə yeni səhifə
açmış oldu.
Bunu Trend-ə
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri
polkovnik Cəlil Xəlilov bildirib.
O qeyd edib ki, bu görüş Azərbaycanın AZAL təyyarəsi ilə bağlı
tələblərinin qəbul edilməsi ilə yanaşı, həm də anti-Azərbaycan
qüvvələrinin məğlubiyyəti ilə əlamətdar oldu: “2024-cü il dekabrın
25-də AZAL təyyarəsinin Rusiya səmasında vurulması və Qazaxıstanın
Aktau şəhərində qəza enişi etməsi, hadisə nəticəsində xeyli sayda
insanın həlak olması ölkəmizdə ciddi məyusluq və narahatlığa səbəb
oldu. Bunun bir səbəbi məlum hadisə olsa da, digər səbəbi Rusiyanın
baş verənlərdən sonra məsuliyyəti öz üzərinə götürməməsi idi. Həmin
vaxt Rusiyanın dövlət başçısı Prezident İlham Əliyevlə telefon
danışığında ölkəmizdən üzr istəsə də, Azərbaycanın digər iki
tələbinin – günahkarların müəyyənləşdirilərək cəzalandırılması və
həlak olanların ailələrinə kompensasiyanın verilməsinin təmin
olunmaması ilə bağlı üzərilərinə heç bir öhdəlik götürmək
istəmirdi. Düşənbə görüşündə isə Rusiya Prezidenti ölkəmizdən
növbəti dəfə üzr istəməklə yanaşı, bu iki tələbi də yerinə
yetirəcəyinə söz verdi. Bununla da, Azərbaycanın Rusiya ilə bağlı
gözləntiləri özünü doğrultdu. Düşənbə görüşü Azərbaycanın, Müzəffər
Ali Baş Komandanın növbəti diplomatik nailiyyəti kimi tarixdə
qaldı. Bununla yanaşı, bu görüş həm də anti-Azərbaycan qüvvələri
üçün ağır məğlubiyyət və böyük məyusluq oldu. Çünki başda
ermənipərəst qüvvələr olmaqla, bir sıra güclər Azərbaycanla Rusiya
arasında uzunmüddətli gərginliyin yaşanmasına çalışır, iki ölkə
arasındakı münasibətlərin pisləşməsinə səy göstərirdi. Lakin
Düşənbə görüşü sübut etdi ki, həm Azərbaycan, həm də Rusiya
ikitərəfli münasibətlərin inkişafında maraqlıdır və bu istiqamətdə
səylər yaxın gələcəkdə də davam etdiriləcək”.


