
Bakı.Trend:
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Brüsseldə
keçirilən “Global Gateway Forum 2025” çərçivəsində təşkil olunan
Qara dəniz – Strateji Tərəfdaşlıq Panelində iştirak edib.
Trend xəbər
verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat
yayıb.
Bildirilib ki, paneldə çıxış edən nazir Azərbaycanın Avrasiya
məkanında artan geoiqtisadi rolu, nəqliyyat və rəqəmsallaşma
sahəsində həyata keçirdiyi innovativ layihələr nəticəsində
ölkəmizin Avropa ilə Asiya arasında təhlükəsiz və sürətli məlumat
dəhlizi, eləcə də rəqəmsal körpü kimi formalaşması istiqamətində
atılan addımlar barədə məlumat verib.
Rəşad Nəbiyev bildirib ki, infrastruktur sahəsində əldə edilən
uğurlar təkcə milli deyil, eyni zamanda regional davamlılığa da
xidmət edir. Nazir Bakı – Naxçıvan – Qars və Zəngəzur dəhlizlərinin
bölgədə dayanıqlı və çevik nəqliyyat bağlantısının qurulması
baxımından həyati əhəmiyyət daşıdığını vurğulayıb.

