İnformasiya müharibəsi dövründə ekspertlərimizi qorumalıyıq – RƏY

Baş səhifə

Bakı.Trend:

Azərbaycanda zaman-zaman siyasi şəxslərə və jurnalistlərə
sui-qəsd cəhdləri olub. Müxtəlif səbəblərdən – siyasi ambisiyalar,
ideoloji fərqlər, dövlət çevrilişi planları və ya şəxsi düşmənçilik
nəticəsində müxtəlif şəxslərə qarşı çoxsaylı sui-qəsd cəhdləri
həyata keçirilib. Bəziləri uğursuz alınıb, bəziləri isə tarixin
axarını dəyişib.

Jurnalist Elçin Alıoğluna qarşı da sui-qəsd hazırlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində “Trend” Beynəlxalq İnformasiya
Agentliyinin direktor müavini, “Baku Network” analitik
platformasının rəhbəri, Azərbaycanın aparıcı siyasi şərhçilərindən
və beynəlxalq təhlükəsizlik sahəsində ekspertlərindən biri olan
Elçin Alıoğluna qarşı sui-qəsd cəhdi ilə bağlı cinayət işi üzrə
məhkəmə prosesi başlayıb.

Məhkəməyə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28-ci
(cinayətə cəhd) və 277-ci (dövlət xadimi və ya ictimai xadimin
həyatına sui-qəsd) maddələri üzrə ittiham olunan Sarıcanov Abülfəzl
Azər oğluna qarşı cinayət işi təqdim edilib. İstintaqın məlumatına
görə, təqsirləndirilən şəxs Elçin Alıoğluna qarşı hücumu
məqsədyönlü şəkildə hazırlayaraq, cinayətin vaxtını və detalları
diqqətlə planlaşdırıb.

Mövzuyla bağlı Trend-ə açıqlama verən siyasi ekspert ilyas Hüseynov
bildirib ki, ona qarşı suiqəst planının hazırlanması bir daha
göstərir ki, informasiya müharibəsi dövründə biz təkcə
informasiyanı deyil, media məkanımızı, ekspertlərimizi, ictimai
fikir formalaşdıran ziyalılarımızı da qorumalıyıq.




Elçin Alıoğlunun məqalələri, analitik yazıları və araşdırmaları
ilə tanışam. Dəfələrlə efirdə birgə iştirak etmişik. Analitik
düşüncəsi, intellektual səviyyəsi və milli mövqeyi ilə o, ölkəmizin
müasir dövrdə ən önəmli fikir adamlarından biridir. Mənim üçün həm
də əziz həmkardır.

Siyasi eksperet həmçinin vurğulayıb ki, bu hadisə ilk hal
deyil.

“Xatırladım ki, daha öncə deputat Fazil Mustafaya qarşı da bu
cür çirkin hücum həyata keçirilmişdi. Ümumiyyətlə, müstəqillik
dövrümüzdə və ondan əvvəlki illərdə də düşüncə adamlarına qarşı
qanunsuz təzyiqlər, sui-qəsdlər baş verib”.

İ.Hüseynov əlavə edib ki, Elçin Alıoğlu daim ideoloji və hibrid
müharibə kontekstində ölkəmiz əleyhinə yönəlmiş qərəzli fikirləri
ifşa edib. Onun apardığı araşdırmalar fundamental və əsaslı
xarakter daşıyır.