Yeni tikilən yaşayış binalarında bu prosedur məcburi olacaq

Baş səhifə

Bakı. Trend:

Yeni tikilən yaşayış binalarının enerji effektivliyi üzrə
pasportlaşdırılması məcburi hala gətirilir.

Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan “Enerji resurslarından səmərəli istifadə və enerji
effektivliyi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun
layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, aşağıdakı bina və tikililər istisna olmaqla
yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və
qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə
pasportlaşdırılması məcburi olacaq:




  • “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanuna
    uyğun olaraq dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və
    mədəniyyət abidələrinin siyahısına daxil edilmiş binalar
    (tikililər);
  • yardımçı və müvəqqəti tikililər;
  • istixanalar və anbar binaları;
  • istehsalat binaları;
  • fərdi yaşayış evləri;
  • Şəhərsalma və Tikinti Məcəlləsinin 81.1-ci və 89.1-ci
    (89.1.4-cü maddə istisna olmaqla) maddələri ilə müəyyən edilmiş
    tikinti obyektləri.

Pasportlaşdırma bu qanun qüvvəyə mindikdan sonra yeni tikilən,
yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış
binaları üçün məcburi olacaq, istismarda olan binalara şamil
olunmayacaq.

Qeyd edək ki, qanunda binaların enerji effektivliyi üzrə
pasportlaşdırılması qaydaları öz əksini tapıb. Həmin qaydalar
Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək.

Qanun layihəsi səsverməyə qoyularaq birinci
oxunuşda
qəbul edilib.