
Bakı. Trend:
“Azərbaycan Respublikasının daxili qoşunları haqqında” Qanun
Azərbaycanın konstitusiya quruluşu, suverenliyi, habelə ictimai
qayda və ictimai təhlükəsizliyin qorunması sahəsində Azərbaycan
daxili qoşunlarının (bundan sonra – daxili qoşunlar) fəaliyyəti,
hüquq və vəzifələri, həmçinin daxili qoşunların idarə olunmasının
hüquqi əsaslarını müəyyən edəcək.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan “Azərbaycan Respublikasının daxili qoşunları
haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, bu qanunda istifadə olunan əsas anlayışlar
aşağıdakı mənaları ifadə edəcək:
- daxili qoşunlar – Silahlı Qüvvələrin tərkib
hissəsi olmaqla, bu qanunda nəzərdə tutulan fəaliyyət
istiqamətlərini həyata keçirən və müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) vahid sisteminə daxil
olan silahlı birləşmə; - döyüş texnikası – silah kompleksi və onun
daşıyıcısından ibarət olan hərbi texnika; - fəal mühafizə vasitələri – hücum, müqavimət,
tabe olmama hallarının qarşısını almaq məqsədilə tətbiq edilən
psixofizioloji təsir vasitələri (xüsusi silahlar, rezin dəyənəklər,
əl-qolu bağlama vasitələri, işıq-səs və elektroşok cihazları,
xüsusi təyinatlı gözyaşardıcı qaz, tüstü, xidməti itlər və
atlar); - fərdi qoruyucu mühafizə vasitələri – şəxsi
heyəti xidməti vəzifələrinin icrası zamanı onlara qarşı edilən
qəsdlərdən qoruyan vasitələr (qoruyucu dəbilqələr, canqoruyucular,
güllə və zərbəyə qarşı qalxanlar, əleyhqazlar); - fiziki qüvvə – insan əzələlərinin gərilməsi
nəticəsində yaranan güc vasitəsilə mexaniki təsir göstərmək
qabiliyyəti; - xüsusi əməliyyat – müəyyən edilmiş ərazidə və
müddətdə tapşırıq və plan üzrə vahid rəhbərlik altında keçirilən
tədbirlər kompleksi; - xüsusi əməliyyatların keçirilməsini təmin edən
vasitələr – qrup halında basqı, müqavimət, tabe olmama
hallarının qarşısının alınması, keçilməz sədlərin dağıdılması,
kütlə, avtonəqliyyat vasitələrinin məcburi dayandırılması və ya
onların hərəkətinin məhdudlaşdırılmasında təsir gücü kimi istifadə
olunan xüsusi texnika; - xüsusi silah – xüsusi təyinatlı gözyaşardıcı
qaz, tüstü və rezin gülləli, rezin qırmalı patronların və
qumbaraların tətbiqi üçün istifadə olunan atıcı qurğu və
vasitələr; - xüsusi texnika – daxili qoşunların xidməti
vəzifələrinin icrası zamanı taktiki üsullara uyğun istifadə olunan
texniki vasitələr, sistemlər, qurğular, zirehli, xüsusi təyinatlı
maşınlar və avadanlıqlar; - xüsusi vasitələr – fərdi qoruyucu mühafizə,
fəal mühafizə və xüsusi əməliyyatların keçirilməsini təmin edən
vasitələr; - obyektlərin mühafizəsi – obyektlərin
təhlükəsizliyinin təşkili, orada olan şəxslərin həyat və
sağlamlığının qorunmasına yönəlmiş tədbirlər.
Bu qanunda istifadə olunan digər anlayışlar Azərbaycan
Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş
mənaları ifadə edəcək.
Daxili qoşunlar haqqında qanunvericilik Konstitusiya, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanun, bu
qanun və daxili qoşunların fəaliyyətini tənzimləyən digər normativ
hüquqi aktlardan ibarət olacaq.
Fövqəladə və ya hərbi vəziyyət rejiminin təmin olunması, habelə
sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi ilə bağlı
daxili qoşunların fəaliyyəti “Fövqəladə vəziyyət və sosial
xarakterli fövqəladə mühit haqqında” və “Hərbi vəziyyət haqqında”
qanunlarla tənzimlənəcək.
Daxili qoşunların hərbi qulluqçularının və mülki işçilərinin
intizam məsuliyyəti müvafiq olaraq Silahlı Qüvvələrin hərbi
nizamnamələri və Əmək Məcəlləsi ilə tənzimlənəcək.
Daxili qoşunların hərbi qulluqçularının və mülki işçilərinin
inzibati və cinayət məsuliyyəti müvafiq olaraq İnzibati Xətalar
Məcəlləsi və Cinayət Məcəlləsi ilə tənzimlənəcək.
Daxili qoşunların hərbi qulluqçularının dövlətə vurduqları
ziyana görə maddi məsuliyyətinin əsasları, vurulan ziyanın
miqdarının müəyyən edilməsi və ödənilməsi qaydaları “Hərbi
qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti
haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” Qanunla
tənzimlənəcək.
Daxili qoşunların hərbi qulluqçularının və mülki işçilərinin
xidməti vəzifələrinin icrası zamanı son zərurət və zəruri müdafiə
vəziyyətində vurduqları ziyana (zərərə) və mülki hüquq
pozuntularına görə mülki məsuliyyəti Mülki Məcəllə ilə
tənzimlənəcək.
Qanun layihəsi səsverməyə qoyularaq birinci
oxunuşda qəbul edilib.

