
Bakı.Trend:
Azərbaycanın aparıcı özəl banklarından olan “Unibank” KB və
İsveçrənin nüfuzlu “BlueOrchard Finance Ltd.” investisiya idarəetmə
şirkəti arasında ümumi məbləği 23 milyon ABŞ
dolları olan subordinasiya və senior kredit
sazişləri imzalanıb.
Bu vəsaitdən 13 milyon ABŞ dolları Azərbaycan Respublikası
Mərkəzi Bankının tələblərinə və beynəlxalq tənzimləyici
standartlara uyğun olaraq 2-сi kapital kimi tanınacaq.
Yeni kredit sazişi “Unibank”ın kapital mövqeyini daha da
gücləndirəcək və bankın strateji hədəflərinə – xüsusilə mikro,
kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinin
genişləndirilməsinə xidmət edəcək. Bu sahələrdə dayanıqlı maliyyə
resurslarına olan tələbatın ödənilməsi Unibank üçün prioritet
istiqamətlərdən biridir.
“Unibank” KB-nin İdarə Heyətinin sədri vəzifəsini
müvəqqəti icra edən Heybət Qədirov bildirib:
“BlueOrchard-dan subordinasiya krediti cəlb etmək həm ölkəmizə,
həm də bankımıza beynəlxalq maliyyə qurumlarının inamını göstərən
mühüm göstəricidir. Kapital bazasının möhkəmlənməsi bizə mikro və
KOB seqmentlərinə kredit portfelini artırmaq, fərdi sahibkarları və
kiçik müəssisələri daha çox dəstəkləmək imkanı verəcək. Bu isə
mikro, kiçik və orta sahibkarların kapitala çıxış imkanlarını
genişləndirmək istiqamətindəki missiyamızla uyğundur.”
“BlueOrchard Finance Ltd.” şirkətinin Avrasiya üzrə
regional direktoru Ketevan Xuskivadze isə qeyd edib:
“Biz Unibank-la əməkdaşlığa başlamaqdan məmnunuq. Unibank real
iqtisadiyyatı dəstəkləməyə sadiq olan dinamik maliyyə institutudur.
Bu əməliyyat çərçivəsində təqdim olunan maliyyələşdirmə, inkişaf
etməkdə olan bazarlarda mikro, kiçik və orta sahibkarlığın kapitala
çıxış imkanlarını artırmaq yönündəki missiyamızla tam şəkildə
uzlaşır..”
“Unibank” KB haqqında
1992-ci ildə təsis olunan “Unibank” KB Azərbaycan bank
sektorunun aparıcı özəl maliyyə qurumlarından biridir. Bank fərdi
və korporativ müştərilərə geniş çeşiddə məhsul və xidmətlər təqdim
edir, xüsusilə mikro, kiçik və orta sahibkarların ehtiyaclarına
yönəlmiş həllər təklif edir. Unibank müasir texnologiyaları tətbiq
etməklə dayanıqlı inkişaf strategiyasını həyata keçirir və ölkənin
iqtisadi tərəqqisinə fəal töhfə verir.
👉 www.unibank.az
“BlueOrchard Finance Ltd.” haqqında
“BlueOrchard” — Schroders Group-un tərkibinə
daxil olan, dünyanın aparıcı təsir yönümlü (impact investing)
investisiya idarəedicisidir. Şirkət cəmiyyət və ətraf mühit üçün
uzunmüddətli müsbət təsir yaratmaqla yanaşı, investorlar üçün sabit
gəlirlilik təmin etməyə çalışır.
2001-ci ildə Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə
yaradılan “BlueOrchard”, dünyada mikromaliyyə borc
investisiyalarının ilk kommersiya idarəedicisi olub. Bu gün şirkət
müxtəlif aktiv sinifləri üzrə investisiya həlləri təqdim edir,
milyonlarla sahibkarı inkişaf etməkdə olan bazarlarda kapitalla
təmin edir və təsirli investisiyaların əlçatanlığını artırır.
Peşəkar investisiya meneceri və “blended finance” üzrə qabaqcıl
təcrübəyə malik tərəfdaş kimi “BlueOrchard” beynəlxalq maliyyə
institutları üçün etibarlı əməkdaş sayılır. 2024-cü ilin sonuna
olan məlumata əsasən, şirkətin investisiyaları 300 milyondan çox
insanın rifahına töhfə verib.
👉 www.blueorchard.com


