
Bakı.Trend:
DİN kibertalamalarla bağlı çağırış edib.
Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, dələduzlar sizə zəng edərək, mesaj yazaraq və ya
link göndərərək “mütəxəssislərimiz kartınıza kibermüdaxilənin
edildiyini aşkarlayıb, kartınızdakı vəsait hər an oğurlana
bilər:
“Xahiş edirik, pulunuzun təhlükəsizliyi üçün kart
məlumatlarınızı təqdim edin” deyə, sizdən bank kartınızın məxfi
məlumatlarını tələb edə bilərlər.
Hətta görüntülü zəng etməklə sizi daha da özünə inandırıb
yönləndirə, təlimatlar verib telefonunuzun dilini dəyişdirərək
kartınızdakı pulu oğurlaya bilərlər. Bir daha qeyd edirik ki, heç
bir halda bank əməkdaşı vətəndaşa zəng edib ondan bank kartının
məxfi şifrələrini istəmir, bunun üçün link, SMS, yaxud elektron
məktub göndərmir. Hansısa şübhəli əməliyyat aşkarladıqda, hətta
sistemdə çətinliklər yaransa belə heç bir bankın əməkdaşının sizdən
məxfi kart məlumatlarını soruşmağa ehtiyacı yoxdur”.
Məlumatda vurğulanıb ki, bank əməkdaşı sizdən yalnız kartınızın
ilk və ya son 4 rəqəmini, sistemdə qeydiyyatda olan əlaqə nömrəsini
və şəxsiyyət vəsiqənizin FİN kodunu istəyə bilər.
“Anlamalıyıq ki, bank kartınızın tam nömrəsini, PİN, CVV, OTP
kodlarını və digər şəxsi məlumatları istəyən, sizə SMS göndərən
şəxslər dələduzlardır. Onlara inanmayın, şübhələndiyiniz ilk anda
zəngi sonlandırın. Gəlin, kartınızın təhlükəsizliyini birgə
qoruyaq!”,- qurumdan əlavə olunub.


