Avrasiya inteqrasiyasının yeni mərhələsi: “MDB+” formatı nə vəd edir

Baş səhifə

Bakı. Trend:

Oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası
keçiriləcək. Gündəlikdə ənənəvi, lakin əhəmiyyətini itirməyən
məsələlər yer alır: iqtisadi əməkdaşlığın gücləndirilməsi, ərzaq və
enerji təhlükəsizliyinin təmin edilməsi, humanitar əlaqələrin və
rəqəmsal transformasiyanın inkişafı. Lakin sammitin əsas mövzusu
yeni mərhələ – “MDB+” formatı olacaq.

Bu ideya ilk dəfə 2024-cü ilin oktyabrında Moskvada Qazaxıstan
Prezidenti Kasım-Jomart Tokayev tərəfindən səsləndirilib.
Konsepsiya üçüncü tərəf tərəfdaş və müşahidəçi ölkələrin iştirakı
ilə əməkdaşlıq platformasının genişləndirilməsini nəzərdə tutur.
Əslində, MDB burada ŞƏT və BRİKS-in uğurlu təcrübəsini
təkrarlayaraq təşkilatı qapalı klubdan açıq qapılı platformaya
çevirmək niyyətindədir.

“MDB-nin beynəlxalq arenadakı nüfuzu artır. Ötən il müşahidəçi
və tərəfdaş statuslarının təsis edilməsi təşkilatın yetkinliyini
göstərdi. Bu işin davamı olaraq “MDB+” formatının nəzərdən
keçirilməsini təklif edirəm”, – Tokayev bildirmişdi. Onun sözlərinə
görə, yeni format regional əlaqələrin genişlənməsi üçün əsas
yaradacaq və iqtisadiyyat, təhlükəsizlik və humanitar sahələrdə
səylərin birləşdirilməsinə imkan verəcək.

“MDB+” formatı Birliyini təkcə dialoq platformasından konkret
layihələr reallaşdıran təsirli bir mexanizmə çevirə bilər. Məsələn,
üzv ölkələr birgə nəqliyyat dəhlizlərini, enerji şəbəkələrini,
rəqəmsal texnologiyaları və humanitar təşəbbüsləri inkişaf etdirə
bilərlər. Bu addım MDB-nin Avrasiya məkanındakı nüfuzunu və
beynəlxalq çəkisini artırmaq potensialına malikdir.

Yeni formatın fəal iştirakçıları arasında regional
inteqrasiyanın mühərriki kimi tanınan ölkələr də ola bilər.
Məsələn, Mərkəzi Asiyanın əsas iqtisadi və nəqliyyat mərkəzinə
çevrilmiş Azərbaycan enerji, investisiya və ticarət layihələri
vasitəsilə regionu birləşdirməyi bacardığını nümayiş etdirir. Bakı
strategiyası Xəzərdən Avropaya qədər sabitlik və inkişaf məkanı
yaratmaq üzərində qurulub.




Eyni dərəcədə mühüm rol Özbəkistana məxsusdur. Bu ölkə son
illərdə MDB çərçivəsində nəqliyyat marşrutlarından tutmuş innovativ
layihələrə qədər bir çox praktiki təşəbbüsləri fəal şəkildə irəli
sürür. Daşkəndin aktiv mövqeyi birgə əməkdaşlıq gündəliyinin
formalaşmasına və Birliyin yenilənməsi prosesinə təkan verir.

Qazaxıstan nəqliyyat dəhlizlərini, ticarət və texnoloji
əlaqələri möhkəmləndirməkdə davam edir, Türkmənistan isə neytral
siyasətinə baxmayaraq, fəal iqtisadi mövqeyini qoruyur və
tərəfdaşlarla əməkdaşlığı genişləndirir.

“MDB+” formatının yaradılması Avrasiya məkanında beynəlxalq
birliklərin artan roluna uyğun gəlir. Rusiya və Birliyin digər əsas
üzvləri üçün bu, mövqelərini gücləndirmək və qlobal çağırışlar
fonunda qarşılıqlı əməkdaşlığı yeni səviyyəyə qaldırmaq imkanı
deməkdir.

Əgər “MDB+” nəzərdə tutulan miqyasda reallaşarsa, Birlik təkcə
dialoq üçün təşkilat deyil, həm də real layihələrin, yeni iqtisadi
əlaqələrin və beynəlxalq əməkdaşlığın platformasına çevrilə bilər.
“Açıq qapılar” prinsipi MDB-ni ənənəvi klub formatından çıxarıb,
regionun inkişafına və beynəlxalq əlaqələrin genişlənməsinə təsir
göstərən dinamik və praktiki yönümlü bir təşkilata çevirə
bilər.

Bu mənada, Düşənbədə keçiriləcək sammit Birlik üçün dönüş
nöqtəsinə çevrilə bilər: “MDB+” formatı xarici iştirakçıları
prosesə cəlb etməklə regional inteqrasiyaya yeni impuls
verəcək.