Baş Prokurorluğun xarici ölkələr və beynəlxalq təşkilatlarla çoxşaxəli əməkdaşlığı inkişaf edir

Baş səhifə

Bakı. Trend:

Xəbər verildiyi kimi Baş prokuror Kamran Əliyevin rəhbərlik
etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığında rəsmi
səfərdədir.

Trend
xəbər verir ki, səfər çərçivəsində Baş prokuror Səudiyyə Ərəbistanı
Krallığının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə qurumunun
(Nazaha) dəstəyi ilə təşkil edilmiş Yaxın Şərq və Şimali Afrika
regionu (MENA) üzrə cinayət yolu ilə əldə edilmiş əmlakın bərpası
sahəsində fəaliyyət göstərən qurumların Şəbəkəsinin təsis
konfransında iştirak edib.

30-dan artıq yurisdiksiyanı təmsil edən 200-dən artıq
nümayəndənin qatıldığı tədbir zamanı çıxış edən Baş prokuror
mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində Prezident cənab İlham
Əliyevin rəhbərliyi ilə ölkəmizdə qətiyyətlə həyata keçirilən
ardıcıl tədbirləri, o cümlədən qanunvericilik bazasının
təkmilləşdirilməsini, hüquq-mühafizə sistemində aparılmış
genişmiqyaslı islahatları, cinayətkarlığın bütün növ və
formalarına, mütəşəkkil cinayətkarlığın təhlükələrinə qarşı
görülmüş işləri xüsusi vurğulayıb.

Qeyd olunub ki, cinayət yolu ilə əldə edilmiş əmlakların
ölkələrin maliyyə sisteminin sabitliyinə ciddi təhlükə törədir və
təhdidə qarşı mübarizədə qlobal səylərin birləşdirilməsinin
vacibdir.

Baş prokuror eyni zamanda bu istiqamətdə prokurorluq orqanları
tərəfindən həyata keçirilmiş tədbirlər barədə də tədbir
iştirakçılarını məlumatlandırıb.

Səfər zamanı Baş prokuror tərəfindən xarici həmkarlarla
ikitərəfli görüşlər də keçirilib.

BMT-nin Baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə
İdarəsinin icraçı direktoru və Vyana ofisinin rəhbəri xanım Qada
Vali ilə keçirilmiş ikitərəfli görüşdə ölkəmizlə qurum arasında həm
ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində
münasibətlərin yüksək səviyyədə olması qeyd edilərək birgə
əməkdaşlıq formasında həyata keçirilmiş tədbirlər, o cümlədən ötən
ilin 13 noyanr tarixində COP29 çərçivəsində Azərbaycanın Baş
Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi
(BMTNCİ) tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb
Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən
noyabrın 15-də keçiriləcək “İqlim dəyişikliyi ilə mübarizədə hüquq
mühafizə orqanlarının səfərbər olunması” adlı yüksək səviyyəli
sessiyanın, cari ilin may ayında Bakı şəhərində BMT-nin
Korrupsiyaya qarşı mübarizə aparan qurumların qlobal əməliyyat
şəbəkəsinin (GlobE) 6-cı iclasının yüksək səviyyədə təşkili
xatırlanıb və buna görə ev sahibi kimi ölkəmizə təşəkkür
bildirilib.

Həmçinin qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi və
ikitərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, tərəflər
gələcəkdə birgə həyata keçirilməsi nəzərdə tutulan digər layihələr
barədə fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, Misir Ərəb Respublikasının Baş prokuroru Şevki
Fethi Ayadla keçirilmiş görüş zamanı ölkələrimiz arasında mövcud
dostluq və qardaşlıq münasibətləri qeyd edilərək hüquqi əməkdaşlıq
və təcrübə mübadiləsi sahəsində konkret təkliflər müzakirə
edilib.




Bəhreyn Krallığının Baş prokuroru Ali Fadl Al-Buainain ilə görüş
zamanı qurumlar arasında uzunmüddətli və məhsuldar əməkdaşlıq
əlaqələri xatırlanaraq, həmçinin regional layihələr çərçivəsində
yeni təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

İraq Respublikasının Baş prokuroru Nacm Abdullah Əhmədlə görüşdə
iki ölkənin prokurorluq orqanları arasında əlaqələrin qurulması,
qarşılıqlı əməkdaşlığın perspektiv sahələri qeyd edilib.

Bundan əlavə, Mərakeş Krallığının Korrupsiyaya qsrşı mübarizə
üzrə milli idarəsinin rəhbəri Məhəmməd Benalilou və Pakistan İslam
Respublikasının ixtisaslaşmış korrupsiyaya qarşı mübarizə qurumu
olan Milli Hesabatlılıq Bürosunun sədri Nazir Əhməd Butt ilə də
ikitərəfli görüşlər keçirilib.

Görüşlərdə ölkələrimiz arasında yüksək səviyyəli münasibətlər,
hüquq mühafizə orqanlarının əməkdaşlığı, eləcə də beynəlxalq
təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi
məsələləri müzakirə olunub.

Tərəflər, həmçinin, transsərhəd cinayətkarlıq və digər
çağırışlarla mübarizədə birgə fəaliyyətin gücləndirilməsinin
vacibliyini vurğulayıblar.

İkitərəfli görüşlər zamanı cinayət işləri üzrə qarşılıqlı hüquqi
yardım, ekstradisiya, cinayət yolu ilə əldə edilmiş əmlakın
leqallaşdırılması, korrupsiya cinayətləri və qarşılıqlı maraq
doğuran digər mövzular ətrafında da səmərəli fikir mübadiləsi
aparılıb.

Qeyd edək ki, görüşlərdə Azərbaycan Respublikasının Səudiyyə
Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Şahin
Abdullayev də iştirak edib.

Nümayəndə heyətinin səfəri başa çatıb.