Polis əməliyyatı: Tapdığı avtomatla saxlanıldı, gizlədilən və satılan döyüş silahları aşkarlandı

Baş səhifə

Bakı. Trend:

DİN əməkdaşları qanunsuz odlu silah-sursatın əldə edilməsi,
saxlanılması və gəzdirilməsinin qarşısının alınması istiqamətində
növbəti əməliyyat tədbirləri keçiriblər.

Trend
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları
tərəfindən Bərdə rayon sakini, 1973-cü il təvəllüdlü Azər
Qəhrəmanovun şəhər ərazisində yerləşən nəzarət-buraxılış
məntəqəsindən odlu silah-sursat keçirməyə cəhd göstərməsi müəyyən
olunub.

Buraxılış postunda təhlükəsizlik məqsədilə nəqliyyat vasitəsinə
baxış keçirilən zaman “Mercedes” markalı avtomobildə sərnişin
qismində olan A.Qəhrəmanovdan 1 ədəd “AK” markalı avtomat silah və
30 ədəd patron aşkarlanaraq götürülüb.

O, sursatı polis əməkdaşlarının diqqətindən yayındırmaq üçün
hissələrə bölərək müxtəlif geyim dəstlərinin arasında gizlədib.

Araşdırmalar zamanı A.Qəhrəmanovun odlu silah-sursatı Xankəndidə
yerləşən restoranların birində çalışan qayınatası, 1959-cu il
təvəllüdlü Nazim Həsənov və qaynı, 1997-ci il təvəllüdlü Murad
Həsənovdan əldə etdiyi müəyyən edilib.




Polis əməkdaşları tərəfindən şəhər ərazisində davam etdirilən
növbəti tədbirlərlə həmin şəxslərin işlədikləri restorandan əlavə 1
ədəd “AK” markalı avtomat silah, 2 ədəd “Makarov” markalı tapança
və 30 ədəd patron aşkarlanaraq götürülüb.

N.Həsənov və M.Həsənov ifadələrində qanunsuz saxladıqları odlu
silah-sursatı satış məqsədilə gizlətdiklərini bildiriblər.

Tədbirlərin davamı olaraq A.Qəhrəmanovun daha əvvəl M.Həsənovla
birlikdə odlu silahı satdığı şəxs Zaur Rəsulov Qəbələ rayonunda
müəyyən edilərək saxlanılıb.

Onun yaşadığı evdən və həyətyanı sahədə gizlətdiyi 1 ədəd atəşə
yararlı “CZ” markalı tapança və 13 ədəd patron aşkar edilərək
götürülüb.

Bundan başqa, A.Qəhrəmanovun Bərdə şəhərində yerləşən evinə
baxış zamanı 1 ədəd pnevmatik tapança da aşkarlanıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə
cinayət işləri başlanılıb.