
Qəzza zolağında razılaşma əldə olunması barədə açıqlamadan dərhal sonra İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
APA xəbər verir ki, bu barədə İsrail hökumət başçısının ofisi məlumat yayıb.
Netanyahu əvvəlcə vasitəçilik səylərinə görə Trampa təşəkkür edib və onu İsrail parlamenti Knessetdə çıxış etməyə dəvət edib.
“Kifayət qədər səmimi və təsirli söhbət zamanı liderlər bir-birilərini tarixi nailiyyət; bütün girovların azad olunması ilə bağlı sazişin imzalanması münasibətilə təbrik ediblər. Liderlər yaxın əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər”, – məlumatda deyilir.


