Bakı. Trend:
Talibanın xarici işlər naziri Amir Xan Muttəqi Hindistana yola
düşüb.
Trend xarici
KİV-ən istinadən xəbər verir ki, bu, hərəkatın 2021-ci ildə
hakimiyyətə gəlməsindən sonra Taliban rəsmisinin Hindistana ilk
səfəri olacaq.
Səfər, Talibanın iqtisadi əlaqələr və diplomatik tanınma uğrunda
regional güclərlə əməkdaşlığı genişləndirmək səylərini önə çıxarır.
Hazırda Taliban hökumətini rəsmi şəkildə tanıyan yeganə ölkə
Rusiyadır.
Əfqanıstan Xarici İşlər Nazirliyinin məlumatına görə, xarici
işlər naziri Amir Xan Muttəqi Hindistanın xarici işlər naziri
Subrahmanyam Cayşankar və digər rəsmi şəxslərlə siyasi, iqtisadi və
ticarət məsələlərini müzakirə edəcək.
Tarixən Hindistan və Əfqanıstan arasında dost münasibətlər
mövcud olub, lakin Nyu-Dehli 2021-ci ildə ABŞ-nin Əfqanıstandan
çıxmasından və Talibanın yenidən hakimiyyətə qayıtmasından sonra
Kabildəki səfirliyini bağlayıb.
Bir il sonra Hindistan ticarət, tibbi yardım və humanitar
dəstəyi asanlaşdırmaq məqsədilə Kabildə kiçik diplomatik
nümayəndəlik açıb.
Nyu-Dehli Taliban hökumətini rəsmi olaraq tanımır, lakin son
dövrlərdə hər iki ölkənin xarici işlər nazirliklərinin yüksək
səviyyəli rəsmiləri arasında keçirilən görüşlər vasitəsilə
münasibətləri tədricən bərpa etməyə yönəlmiş addımlar atır.

