
Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) elmi işlər
üzrə prorektoru, Ali riyaziyyat kafedrasının professoru Nigar
Aslanova Kanadanın nüfuzlu Filds Riyaziyyat Elmi Tədqiqat
İnstitutunda “qonaq alim” statusunda elmi ezamiyyətdə olub.
Professor Nigar Aslanovanın Filds İnstitutuna qonaq alim
qismində dəvəti bu sahədə Azərbaycan universitetləri tarixində ilk
hadisədir. Belə ki, ilk dəfə olaraq ölkəmizdə olan
universitetlərdən bir alim “riyaziyyatın Məkkəsi” hesab edilən bu
elm mərkəzinə rəsmi şəkildə dəvət olunub. Onu Toronto
Universitetinin (Toronto Universiteti dünya universitetləri
reytinqində 21-ci yerdədir) Riyaziyyat kafedrasının professoru,
Kanada Royal Cəmiyyətinin Con L.Singe mükafatçısı, Filds İnstitutu
mükafatçısı Maykl Siqal dəvət edib və tərəflər birgə “Operator
əmsallı diferensial tənliklərin spektral analizi” mövzusunda
gələcək birgə tədqiqat istiqamətlərini müəyyənləşdiriblər.
Səfər çərçivəsində professor Nigar Aslanovaya institutun zəngin
kitabxanasından istifadə, dünya səviyyəli alimlərlə müzakirələr
aparmaq, seminarlarda elmi nəticələri ilə məruzə etmək və
beynəlxalq elmi mühitdə fəaliyyət göstərmək imkanı yaradılıb.
Bundan başqa Nigar Aslanova “Filds İnstitutunun Elmi işçisi”
müsabiqəsinə də müraciət edib və tədqiqat mövzusunun aktuallığı,
yüksək elmi potensialı nəzərə alınaraq qalib elan olunub. Nəticədə
o, 2026-cı ildə Filds İnstitutunda qrant əsasında 1 aylıq elmi işçi
kimi fəaliyyət göstərmək imkanı qazanıb. Bu uğur da Azərbaycan
universitetləri tarixində ilk hadisədir.
Xatırladaq ki, sözügedən müsabiqənin ilk azərbaycanlı qalibi
bundan öncə dünya şöhrətli azərbaycanlı alim, hazırda AzMİU
rektorunun müşaviri vəzifəsində çalışan professor Məsud Əfəndiyev
olub. Onun Filds İnstitutunun əməkdaşları və rəhbərliyi ilə sıx
əlaqələri mövcuddur. Onun AzMİU alimlərinin bu institutla, həmçinin
digər beynəlxalq elmi mərkəzlərlə əlaqələrinin qurulmasında xüsusi
xidmətləri var.
Professor Nigar Aslanova ezamiyyəti müddətində Kanadanın aparıcı
universitetlərində bir sıra faydalı görüşlər də keçirib. O, Toronto
Universitetində professor M.Siqal, professor A.Naxman, York
Universitetində professor M.V.Vonq, Mak Master Universitetində
professor D.Pelinovski ilə görüşlər keçirib, elmi müzakirələr
aparıb və seminarlarda son nəticələrini məruzə edib.
Nigar Aslanova Dünyada komüter elmləri sahəsində önəmli
Universitetlərdən olan Voterloo Universitetində kompyuter elmləri
məktəbibin direktoru R.Bautaba ilə də görüşlər keçirib. Bu
görüşlərdə kompüter elmləri, informasiya texnologiyaları və süni
intellekt sahələrində AzMİU ilə gələcək əməkdaşlıq perspektivləri
müzakirə olunub.
Bundan əlavə, AzMİU prorektoru Filds İnstitutunun direktoru
Deirdre Haskell ilə görüşərək universitemizlə Filds İnstitutu
arasında əməkdaşlıq imkanlarını dəyərləndirib.
Professor Nigar Aslanovanın bu uğurları AzMİU-nun tədqiqat
yönümlü universitetə çevrilməsi strategiyasının mühüm tərkib
hissəsidir. Universitet rəhbərliyinin təşəbbüsü ilə beynəlxalq elmi
əməkdaşlığa, qabaqcıl elmi mərkəzlərlə əlaqələrin qurulmasına və
azərbaycanlı alimlərin qlobal elm məkanına inteqrasiyasına xüsusi
önəm verilir.
Qeyd edək ki, AzMİU-nun beynəlxalq elmi şəbəkəyə qoşulması,
Azərbaycanın riyaziyyat və texniki elmlər sahəsində dünyada
tanınmasına da mühüm töhfə verir.


