
Bakı. Trend:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov
Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində Yuta Senatının
prezidenti Adam Stüart ilə görüşüb.
Komitədən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan-ABŞ
münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu
vurğulanıb.
Bu il avqust ayının 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və
Ermənistan rəhbərlərinin imzaladıqları Birgə Bəyannamənin sülh
prosesində tarixi dönüş nöqtəsi olduğu, eyni zamanda dinlərarası
harmoniya, tolerantlıq və birgəyaşayış ənənələrinin
möhkəmlənməsində mühüm rol oynayacağına əminlik ifadə edilib.
Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki,
Azərbaycandakı tolerantlıq mühitinin inkişafı dövlət siyasətinin
prioritet istiqamətlərindən biridir. Bu siyasətin əsasında
milli-mənəvi dəyərlərin qorunması və müxtəlif dinlərə mənsub
insanların birgə, sülh şəraitində yaşamasını təmin etmək məqsədi
dayanır. Ramin Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dini tolerantlıq,
multikulturalizm və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan
cəmiyyət modelinin formalaşdığını qeyd edib. Vurğulayıb ki,
Azərbaycanda bütün konfessiyaların, o cümlədən xristian dini
icmalarının azad və təhlükəsiz şəkildə fəaliyyət göstərməsi üçün
dövlət tərəfindən hərtərəfli şərait yaradılıb. Bunun bariz nümunəsi
kimi İsa Məsihin Sonuncu Gün Müqqəddəsləri Kilsəsinin Azərbaycanda
rəsmi qeydiyyatı, Dövlətin dinlərarası tolerantlıq və bərabər
münasibət prinsipinə sadiqliyinin praktik təzahürüdür. Komitə sədri
Azərbaycan-ABŞ əlaqələrinin inkişafına töhfə verəcək qarşılıqlı
təmasların əhəmiyyətini vurğulayaraq, Senat prezidentini
Azərbaycana səfərə dəvət edib.
Səfər dəvətini minnətdarlıqla qəbul edən Adam Stüart
əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayaraq,
ölkəmizdəki multikultural dəyərlərin və dinlərarası harmoniyanın
təqdirəlayiq olduğunu bildirib. Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin tolerantlıq və dinlərarası
həmrəylik mühitinin qorunmasına mühüm töhfələr verdiyini qeyd edib.
O, Azərbaycan cəmiyyətində dini dözümlülük və mədəni müxtəlifliyin
qorunması istiqamətində həyata keçirilən siyasəti yüksək
qiymətləndirdiyini vurğulayıb.
Azərbaycan – ABŞ arasında dinlər və mədəniyyətlərin dialoqu
sahəsində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsinin
aparıldığı görüşdə Yuta Ştatının senatorları Kirk Kollimor, Mayk
Makkel də iştirak ediblər.

