
Bakı.Trend:
Azərbaycanda avtomobil bazarında daim qiymətlərə həmçinin,
valyuta məzənnələrindəki dəyişikliklər, gömrük rüsumları və
istehsalçı ölkələrdəki istehsal xərcləri birbaşa təsir göstərir.
Bundan əlavə, ekoloji tələblər, texnoloji yeniliklər və yerli
bazarda mövcud olan avtomobillərin çeşidi də qiymətlərin artımına
və ya azalmasına səbəb ola bilər. Nəticədə alıcıların ödəməli
olduğu məbləğ yalnız avtomobilin dəyəri ilə deyil, həm də bu
iqtisadi və inzibati faktorların cəmi ilə müəyyən olunur.
Bəs, hazırda Azərbaycanın avtomobil bazarında
vəziyyət necədir?
Mövzu ilə bağlı Trend-ə açıqlamasında nəqliyyat məsələləri üzrə
ekspert Eldəniz Cəfərov bildirib ki, hazırda Azərbaycanın avtomobil
bazarında aktivlik müşahidə olunur:
“Yay fəslindən fərqli olaraq, bazarda fəallıq artıb. İnsanlar
daha çox hibrid avtomobillərə maraq göstərirlər. Elektromobillərə
də müəyyən maraq var, lakin onlar hələ geniş yayılmayıb”.
Ekspertin sözlərinə görə, xüsusilə mühərrik həcmi 1500 kub
santimetrdən 2500 kub santimetrədək olan hibrid avtomobillər
alıcıların diqqətini daha çox cəlb edir:
“Müşahidələr göstərir ki, ölkədə fəaliyyət göstərən rəsmi diler
və distribütorlar avtomobillərin qiymətlərini bir qədər endiriblər.
Hazırda alıcıları stimullaşdırmaq üçün müxtəlif endirim
kampaniyaları keçirilir. Daha dəqiq desək, bu endirimlər təxminən
5% civarındadır. Əvvəlki illərdə payız fəslində avtomobil
qiymətləri yüksəlirdisə, bu dəfə əks tendensiya müşahidə
olunur”.
E. Cəfərov əlavə edib ki, satışda olan köhnə dizel və benzin
mühərrikli avtomobillərin qiymətində də ucuzlaşma qeydə alınır.
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) İdarə
Heyətinin sədri Eyyub Əliyev isə Trend-ə açıqlamasında qeyd edib ki, avtomobil
bazarında hazırda hibrid nəqliyyat vasitələrinə maraq çoxdur.
O əlavə edib ki, elektrikli avtomobillərə də maraq var, lakin bu
maraq hibrid avtomobillərlə müqayisədə daha azdır. 2026-cı ilin
yanvarında hibrid avtomobillərə tətbiq olunan güzəşt müddətinin
başa çatacağı gözlənilir. Məhz bu səbəbdən alıcılar gələcəkdə bu
avtomobillərlə bağlı qərarın necə olacağını bilmədiklərindən
indidən alış etməyə çalışırlar. Bu da avtomobil bazarının
canlanmasına səbəb olub.
“Bazarda ikinci əl avtomobillərin alqı-satqısı ilə bağlı
vəziyyət qənaətbəxş deyil. Bu tip avtomobillərin satışında 40-45%-ə
qədər qiymət enməsi müşahidə olunur. Əksər hallarda belə maşınlar
aylarla bazarda qalır və satılmır”, – deyə ekspert bildirib.
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA)
nümayəndəsi vurğulayıb ki, 0 kilometrajlı, daxili yanma mühərrikli
avtomobillərə olan maraq da azalır. Bunun əsas səbəbi hibrid
avtomobillərin əlavə dəyər vergisindən (ƏDV) azad olunması ilə
bağlı tətbiq edilən güzəştdir.
“Növbəti ildə də bu güzəşt davam edərsə, avtomobil bazarında
mövcud vəziyyət olduğu kimi qalacaq. Yəni, ikinci əl və daxili
yanma mühərrikli, 0 kilometrajlı avtomobillərin satış tempində
azalma müşahidə olunacaq. Elektrikli avtomobillərlə bağlı isə
dövlət tərəfindən həm Bakıda, həm də regionlarda infrastruktur
layihələrinin hazırlanması planlaşdırılır. Hesab edirəm ki,
gələcəkdə məhz bu tip avtomobillərin satışına dövlət tərəfindən
daha çox diqqət yetiriləcək”, – deyə E. Əliyev əlavə edib.

