Bakı. Trend:
Fransızların 70 faizi, eləcə də Melanşondan Le Penə qədər bütün
müxalif qüvvələr Prezident Emmanuel Makronun istefasını tələb edir.
O, hakimiyyətdə olduğu dövr ərzində ən böyük siyasi təcridlə üz-üzə
qalıb.
Trend xəbər verir ki, ABC-nin məlumatına görə, ictimai rəy, əsas
parlament partiyaları və siyasi analitiklər hesab edirlər ki,
Emmanuel Makron Fransa Respublikasının Prezidenti postundan istefa
verməlidir. Bu addım ölkəni tarixi milli siyasi böhrandan çıxarmaq
üçün zəruri sayılır.
Mühafizəkar “Le Figaro” qəzetinin məlumatına əsasən,
fransızların 70 faizi Makronun istefasını dəstəkləyir. Son aylarda
keçirilən sorğular göstərir ki, ölkə əhalisinin 65-75 faizi dövlət
başçısı barədə mənfi fikirdədir.
Bu ümumi tendensiya fonunda siyasi partiyalar və liderlər hesab
edirlər ki, Makronun istefası “Fransanı son il yarım ərzində qəbul
edilmiş uğursuz prezident qərarlarının doğurduğu tarixi böhrandan
çıxarmağın yeganə yoludur”.
Onun yaxın dostu və keçmiş baş naziri (2017–2020) Eduar Filip
bəyan edib ki, “Makron istefa verməlidir ki, növbədənkənar
prezident seçkilərinə hazırlıqlar başlansın”.
Respublikaçılar Partiyasının (LR, ənənəvi sağçılar) nümayəndəsi
Kristof Qomar prezidentin istefasını bu cür izah edib: “Nəhəng
dövlət borcu olan ölkədə qeyri-müəyyənlik və siyasi qeyri-sabitlik
fəlakətlidir. Makron Fransanın xeyrini istəyirsə, istefa
verməlidir. O getməlidir”.

