
Bakı. Trend:
Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin
Əbdül Rəhman Əl Tani Qəzza zolağında münaqişənin həlli üzrə
danışıqlarda iştirak etmək üçün oktyabrın 8-də Misirin Şarm əl-Şeyx
şəhərinə səfər edəcək.
Trend-in
məlumatına görə, bu barədə Qətər Baş nazirinin müşaviri və Xarici
İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari
məlumat verib.
Onun sözlərinə görə, məsləhətləşmələr “həlledici mərhələyə”
çatıb.
“Zati-aliləri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani daimi
atəşkəsə nail olmaq üçün regional və beynəlxalq səylərin
gücləndirilməsi fonunda Qəzza zolağı ilə bağlı maraqlı tərəflər
arasında davam edən danışıqlara qoşulmaq üçün sabah, çərşənbə günü
səhər Şarm Əl-Şeyxə səfər edəcək”, – deyə baş nazirin müşaviri “X”
sosial şəbəkəsində yazıb.
Diplomat vurğulayıb ki, Qətərin baş naziri “məsləhətləşmələrin
həlledici mərhələsində vasitəçilərin Qəzza zolağında fəlakətli
müharibəyə son qoyacaq razılaşma əldə etmək istəyini təsdiqləyən”
danışıqlar prosesinə qoşulacaq.

