“Türk dünyasının perspektivləri – 2040” proqramının tam həyata keçirilməsinə fokuslanmaq vacibdir – Tokayev

Baş səhifə

Qəbələ. Trend:

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev türk ölkələrini
səylərini “Türk dünyasının perspektivləri – 2040” proqramının
praktikada həyata keçirilməsinə yönəltməyə çağırıb.

Trend xəbər verir
ki, o bu barədə Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət
başçıları Şurasının 12-ci sammiti çərçivəsində deyib.

Dövlət başçısı qeyd edib ki, iqtisadi əməkdaşlıq sabitliyin və
rifahın əsas təməlini təşkil edir. O, Türk İnvestisiya Fondunun
potensialından səmərəli istifadənin vacibliyini vurğulayıb,
həmçinin yaxın zamanda Türküstanda keçiriləcək iqtisadiyyat və
ticarət nazirlərinin görüşündə Fond tərəfindən maliyyələşdirilə
biləcək layihələrin siyahısının müəyyənləşdirilməsini təklif
edib.




Onun sözlərinə görə, sənaye kooperasiyasının inkişafı da böyük
potensiala malikdir. Bu baxımdan Tokayev türk ölkələrinin sənaye
əməkdaşlığı proqramının qəbulunu təklif edib və proqramda
qarşılıqlı fəaliyyətin prioritet istiqamətlərinin göstərilməsinin
məqsədəuyğun olacağını bildirib.

Prezident həmçinin, nəqliyyat-logistika sahəsində əməkdaşlığın
dərinləşdirilməsini əsas vəzifələrdən biri adlandırıb. O, qeyd edib
ki, Qazaxıstan beynəlxalq nəqliyyat dəhlizlərinin, o cümlədən son
beş ildə yükdaşıma həcmi altı dəfə artmış Transxəzər marşrutunun
inkişafını fəal şəkildə həyata keçirir.

“Türk dövlətlərini Orta Dəhliz boyunca aviahubların, dəmir yolu
stansiyalarının və dəniz limanlarının infrastrukturunun
modernləşdirilməsində fəal iştirak etməyə dəvət edirik”, – deyə
Tokayev vurğulayıb.