
Bakı. Trend:
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür
Paşazadə Amerika Birləşmiş Ştatlarında səfərdədir.
QMİ-nin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, İsa Məsihin
Sonuncu Gün Müqəddəsləri Kilsəsinin icması və Stirlinq Fondunun
dəvəti ilə Yuta ştatına səfər çərçivəsində QMİ sədri Şeyxülislam A.
Paşazadə oktyabrın 4-də Solt-Leyk-Siti şəhərində İsa Məsihin
Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Ümumdünya Qurultayında iştirak
edib.
QMİ sədri A.Paşazadənin Konfransa Müraciəti yayılıb. Müraciətdə
deyilib:
“Biz bəşəri insan həmrəyliyinə xidmət edən amallar ətrafında
birləşməyə təşviq edən bütün beynəlxalq səyləri hər zaman
dəstəkləyir, bu istiqamətdə tədbirlərdə fəal iştirak edirik.
Amerika Birləşmiş Ştatları və Azərbaycanın dini konfessiyaları
arasında yaranmış dostluq əlaqələri bizim üçün olduqca dəyərlidir.
Qarşılıqlı səfərlərimiz, birgə tədbirlərimiz, təşəbbüskarı
olduğumuz müştərək layihələr mənəvi əhəmiyyət kəsb edir,
xalqlarımızın mənafeyinə xidmət edir. Böyük məmnuniyyətlə bəyan
etmək istəyirəm ki, İsa Məsih sonuncu gün müqəddəsləri kilsəsinin
icması Azərbaycanın multikultural ailəsinə rəsmən üzv olub.
Azərbaycan xalqı ABŞ dövlətinin beynəlxalq hüququn dünyada ən
güclü dəstəkçisi olaraq uzun onilliklər boyunca ərazi
bütövlüyümüzün bərpası yönündə haqq işimizə dəstəyini, habelə
Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması istiqamətində
ABŞ-nin davamlı səylərini yüksək dəyərləndiririk. Bu il 8 avqust
Vaşinqton zirvəsini bu dəyərli səylərin, ABŞ Prezidenti Donald
Tramp cənablarının sülh işinə şəxsi dəstəyinin nəticəsi olaraq
olduqca yüksək qiymətləndiririk. Fürsətdən istifadə edərək,
Stirlinq Fondunun Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin
minalardan təmizlənməsi kimi humanist təşəbbüsə verdiyi böyük maddi
və mənəvi dəstəyə görə xalqımız, bütün dini konfessiyalarımız
adından dərin minnətdarlığımızı bildirmək istərdim.
Azərbaycan Prezidenti İlham Əliyev cənablarının müəllifi olduğu
Mədəniyyətlərarası dialoqa dair 17 illik tarixə malik Bakı prosesi
dünyada insan həmrəyliyinə xidmət edir. Azərbaycan dünyada nadir
məkanlardandır ki, müxtəlif din və məzhəb ardıcılları arasında
tarixən heç bir qarşıdurma baş verməyib, ölkəmizdə fəaliyyət
göstərən dini konfessiyalar bərabər hüquqlara malikdirlər, dövlətin
diqqət və qayğısı ilə əhatə olunublar.
1991-ci ildə müstəqiliyini bərpa etmiş Azərbaycanda dini-mədəni
müxtəlifliyin harmoniyasına istinad edən cəmiyyət quruculuğunun
təməli “Yüksək tolerantlıq yüksək mədəniyyətin təzahürüdür”
təbirinin müəllifi – ümummilli liderimiz Heydər Əliyevin
Azərbaycançılıq məfkurəsi sayəsində qoyulub. Prezident İlham Əliyev
multikulturalizmi dövlət siyasəti səviyyəsində bərqərar etdi.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva dünya
miqyasında multikulturalizmin təbliği sahəsində nəcib fəaliyyəti
ilə Azərbaycanın sivilizasiyalararası dialoq və əməkdaşlıq
istiqamətində beynəlxalq müstəvidə söz sahibinə çevrilməsinə xidmət
etməkdədir.
Dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsi Yuta ştatı ilə,
Stirlinq fondu, 12 həvarilər kvorumu ilə əlaqələrin yüksək
səviyyəli işgüzar, səmərəli münasibətləri ilə fəxarət duyur. Bu
əlaqələrimizin birgə təşəbbüslər, müştərək tədbirlərlə davam və
inkişaf etməsi ümumi məramımızdır”.
Şeyxülislam A.Paşazadə Kilsənin mərhum rəhbəri prezident Rassel
Nelsonun vəfatı ilə bağlı kilsə icmasına dərin hüznlə başsağlığı
verib, habelə Kilsənin yeni prezidenti Dallin Oksu təbrik edib.
Konfransda Kilsənin mərhum Prezidentinin xatirəsinə film nümayiş
etdirilib. Filmdə mərhumun QMİ sədri ilə vaxtilə görüşünü əks
etdirən video da yer alıb.
Konfransdan sonra Şeyxülislam A.Paşazadə Yuta Ştatının Senat
sədri Adam Stüart ilə görüşüb. Səmimi şəraitdə keçən görüşdə
Azərbaycanın multikultural həyat tərzi barədə xoş fikirlər ifadə
edən Senat sədri Azərbaycana rəğbət və dəstəyini ifadə edib.
Tədbirlərdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı
direktoru Rəvan Həsənov və Azərbaycan Respublikası Milli Məclisinin
deputatı Cavanşir Paşazadə iştirak ediblər.
Qeyd edilib ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam
Allahşükür Paşazadənin Amerika Birləşmiş Ştatlarına səfəri davam
edir.

