
Bakı. Trend:
Almaniya ilə Azərbaycan arasındakı münasibətlər əməkdaşlıq və
dialoqun yeni səviyyəsinə yüksəlib.
Trend-in
məlumatına görə, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf
Hörlemann Bakıda keçirilən qəbulda çıxışı zamanı bildirib.
Diplomat xatırladıb ki, bu ilin aprelində Almaniyanın Federal
Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycana rəsmi səfər edib.
Bu, 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra
Almaniya Prezidentinin ölkəyə ilk səfəri olub.
“Bu tarixi hadisə ikitərəfli münasibətlərimizin inkişafında
mühüm mərhələ oldu”, – deyə səfir vurğulayıb.
Onun sözlərinə görə, ötən il ölkələr arasında iqtisadi əlaqələr
xüsusilə dinamik inkişaf edib və bu proses ticarət-iqtisadi və
investisiya əməkdaşlığının genişləndirilməsi üzrə birgə yol
xəritəsinə əsaslanıb.
“Bu sənəd enerji, nəqliyyat, kənd təsərrüfatı, səhiyyə və digər
sahələrdə daha fəal əməkdaşlıq üçün möhkəm baza yaradıb”, –
Hörlemann qeyd edib.
Səfir həmçinin bildirib ki, artıq konkret layihələr icra
olunmağa başlayıb. Onların arasında Almaniyanın MAN şirkəti
tərəfindən Azərbaycanda elektrik avtobuslarının yığılması zavodunun
inşası xüsusi əhəmiyyət daşıyır. Bundan başqa, Almaniyanın SEFE
şirkəti ilə Azərbaycanın SOCAR arasında bu il imzalanmış qaz
müqaviləsi də mühüm addım kimi dəyərləndirilib. Müqaviləyə əsasən,
növbəti on il ərzində Avropa istehlakçılarına hər il 1,5 milyard
kubmetr qaz tədarük olunacaq.


