Kredit portfelinin artımı qeyri-neft ÜDM-i geridə qoyub

Baş səhifə

Bakı. Trend:

Kredit portfelinin illik artım tempi nominal qeyri-neft ÜDM-in
artım tempini (10.8%) üstələməkdə davam edir.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər
verir.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bank
sektorunun kredit portfeli 12% artaraq 28.5 milyard manata çatıb.
2025-ci ilin ilk yarımilində kredit portfelinin artım tempi 3.6%
təşkil edib.




Bildirilib ki, son illər müşahidə olunan kredit portfelinin
intensiv artım tempində azalma müşahidə olunsa da, portfelin illik
artım tempi nominal qeyri-neft ÜDM-in artım tempini (10.8%)
üstələməkdə davam edir. Sektor üzrə 18 bankın kredit portfeli ötən
ilin müvafiq dövrü ilə müqayisədə artıb, 13 bankda isə kredit
portfelinin artımı nominal qeyri-neft ÜDM artımının üzərində olub.
7 bankda artım 15%-dən yüksək olub. Bank sektorunun dayanıqlığını
artırmaq və kreditləşmə fəaliyyətinin fasiləsizliyini təmin etmək
məqsədilə, 2025-ci ilin 1 mart tarixindən etibarən bankların məcmu
və 1-ci dərəcəli kapitalı üzərində 0.5% həddində əlavə
kontr-tsiklik kapital buferi təyin edilməsi ilə bağlı qərar qəbul
edilib.

Kredit portfelinin artımı həm biznes, həm istehlak, həm də
ipoteka portfeli üzrə baş verir. İlin əvvəli ilə müqayisədə biznes
kreditləri 2.4% (356 milyon manat) artaraq 15.1 milyard manat,
istehlak kreditləri 5.4% (453 milyon manat) artaraq 8.9 milyard
manat, ipoteka portfeli isə 4.3% (185 milyon manat) artaraq 4.4
milyard manat olub.