
Bakı. Trend:
Azərbaycanda tullantı yağların emalı üzrə ilk zavod ölkədə
strateji xammal – birinci qrup baza yağı istehsal edəcək, gələcəkdə
isə məhsulun 70 faizədək hissəsinin ixraca yönəldilməsi və 2027-ci
ilə qədər “yaşıl hidrogen” istehsalının inkişaf etdirilməsi
planlaşdırılır.
Bunu Trend-ə
verdiyi özəl müsahibədə “Caspian Lubricatns Recycling”
Azərbaycan-Bolqarıstan birgə müəssisəsinin və “Torec Ingeneering”
bolqar şirkətinin Baş direktoru Kalin Runtev deyib.
Tullantılardan “yaşıl hidrogen”ə
“Hazırda biz tullantı yağlarının emalı üzrə zavodun tikinti
mərhələsindəyik. Bu, ekoloji layihədir və onun çərçivəsində Bazel
Konvensiyasına əsasən təhlükəli sayılan və ətraf mühitə böyük ziyan
vuran tullantılar emal olunacaq.
Bizim üçün ilk mərhələ – Səngəçal Sənaye Parkında tullantı
yağların emalı və ilk baza yağının istehsalıdır. Zavod Xəzər
regionunda ilk belə müəssisə olacaq. Burada indiyədək oxşar
layihələr həyata keçirilməyib. “Yaşıl hidrogen” məsələsinə isə
2027-ci ildə baxılacaq”, – deyə K.Runtev bildirib.
Onun sözlərinə görə, şirkət çoxsaylı tədarükçüləri nəzərdən
keçirib:
“Mənim böyük məlumat bazam var. Çin şirkətləri ilə işləmişəm,
amma indi bazar xeyli irəliləyib. Son elektroliz qurğusunu biz hələ
2014-cü ildə sifariş etmişdik, yəni 10 il əvvəl. Bu gün təkliflər
daha yaxşıdır – həm Çindən, həm də Avropadan (Norveç və İsveçdən).
Ən optimal variantı axtarırıq. Özəl şirkət olaraq təsisçilərlə
birlikdə bizim üçün ən sərfəli qərarı qəbul edirik”.
Baş direktor vurğulayıb ki, şirkət ilk dəfə olaraq Avropa
sisteminin bir hissəsinə çevriləcək və bu sistem COP29-da qəbul
olunan qərarları – dairəvi iqtisadiyyat, tullantıların emalı və
davamlı inkişaf sahəsindəki yanaşmaları özündə birləşdirir:
“Şirkət üçün əsas məsələ də budur. “Yaşıl hidrogen” istehsalı,
çox güman ki, imic xarakteri daşıyacaq və investisiya kimi
qiymətləndiriləcək. Hidrogenin maya dəyəri yüksəkdir, lakin
tullantıları emal etməklə şirkət bu prosesə yaşıl hidrogen”i də
daxil edə biləcəyinə ümid edir”.
K.Runtev qeyd edib ki, Azərbaycanda birinci qrup baza yağları
istehsal edilmir, halbuki onlara tələbat artır:
“Biz qlobal tədarükçü olmağa hədəflənmişik və potensial bazarlar
kimi Türkiyə və Avropanı görürük. Məhsulun minimum 60–70 faizini
ixraca yönəltməyi planlaşdırırıq. Baza yağları beynəlxalq
bazarlarda kotirovka olunan birja məhsuludur”.
Daxili bazar və Azərbaycanın baza yağının
ixracı
Baş direktorun sözlərinə görə, Azərbaycanın ildə 150 min tondan
çox baza yağına ehtiyacını nəzərə alaraq müəssisə bütün daxili
bazarı təmin etməyi və yerli istehsalçılara daha yaxşı şərtlər
təklif etməyi qarşısına məqsəd qoyur. Baza yağları olmadan nə
sənaye, nə avtomobil, nə də texniki yağların istehsalı mümkündür.
Zavod hazırda diqqətdən kənarda qalan və ətraf mühitə zərər vuran
tullantılardan Azərbaycanda məhsul istehsal edəcək.
K.Runtev həmçinin bildirib ki, şirkət Avropa İttifaqını
prioritet ixrac bazarı kimi görür: məhz ora baza yağı qlobal
treyder şəbəkələri vasitəsilə daxil olur və gələcəkdə ixrac Yaxın
Şərqə, o cümlədən yüksək tələbatın müşahidə olunduğu ərəb
ölkələrinə də genişlənə bilər.
Strateji inkişaf və Azərbaycanda yeni istehsal
istiqamətləri
“Layihənin Mərkəzi Asiyada genişləndirilməsi ilə bağlı
danışıqlar davam edir, lakin proses mərhələli şəkildə gedir. Şirkət
üçün önəmli olan sürət yox, nəticədir. Əsas meyar düzgün tərəfdaş
tapmaqdır: mütləq deyil ki, ən varlı və ya nüfuzlu olsun, işin
mürəkkəbliyini, o cümlədən xammalın toplanması, istehsalın idarə
olunması və məhsulun reallaşdırılmasını başa düşən tərəfdaş
olmalıdır. Şirkət qısamüddətli deyil, uzunmüddətli əməkdaşlığa
hazır olan tərəfdaş axtarır, investisiyanın iki günə qaytarılmasını
tələb edən yox. Bu mərhələdə konkret ölkələrin adları
açıqlanmır.
Mövcud layihə başa çatdıqdan sonra şirkət ikinci qrup baza
yağının istehsalına başlamağı və istehsal həcmini artırmağı
planlaşdırır. Hər şey ilk istehsal xəttinin uğurlu reallaşmasından
asılı olacaq. Tələbat artacağı halda bazar şirkəti birinci qrup
baza yağı istehsalını ikiqat artırmağa sövq edə bilər”, – deyə o
yekunlaşdırıb.

