Naxçıvan İnnovasiya Mərkəzinin açılışı olub

Baş səhifə

Bakı. Trend:

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) bölgələrdə
innovasiya ekosisteminin inkişafı üzrə fəaliyyətini davam etdirir.
Belə ki, 1 oktyabr 2025-ci il tarixində Naxçıvan Dövlət
Universitetinin inzibati binasında Naxçıvan İnnovasiya Mərkəzinin
açılışı baş tutub.

Trend xəbər
verir ki, mərasimdə Naxçıvan Dövlət Universitetinin rəhbərliyi,
dövlət qurumlarının nümayəndələri, o cümlədən Naxçıvandan olan
startap qurucuları iştirak ediblər.

Tədbir iştirakçılarını açılış nitqi ilə salamlayan İRİA-nın
sədri Fərid Osmanov Naxçıvan İnnovasiya Mərkəzinin yaradılmasını
regional innovasiyaların genişlənməsində mühüm mərhələ olduğunu
vurğulayıb:

“Bakı və Sumqayıtdan sonra artıq Naxçıvanda da belə bir mərkəzin
təsis edilməsi innovasiya infrastrukturunun əlçatanlığının təmin
edilməsi baxımıdan bu bölgə üçün əhəmiyyətli hadisədir. Bu mərkəz
sadəcə ofis məkanı deyil, burada startaplar müxtəlif inkişaf
proqramlarında iştirak etmək, mentor dəstəyi almaq, investorlarla
görüşlər keçirmək və tədbir təşkil etmək imkanından faydalana
biləcəklər. Burada innovasiya mədəniyyəti formalaşıb
genişlənəcək”.




Tədbirin salamlama hissəsində, həmçinin Naxçıvan Dövlət
Universitetinin rektoru Elbrus İsayev, rəqəmsal inkişaf və
nəqliyyat nazirinin müavini Azər Məmmədrəhimov çıxış ediblər. Onlar
İRİA-nın bölgələrdə ekosistem quruculuğu sahəsində gördüyü işləri
yüksək qiymətləndiriblər və Naxçıvan İnnovasiya Mərkəzinin
açılışını ətraf bölgələrdən olan innovativ düşüncəli gənclər üçün
yeni perspektivlər yaradacağını diqqətə çatdırıblar.

Daha sonra İRİA-nın Texnoparklarla iş şöbəsinin müdiri Elvin
Hacıyev Naxçıvan İnnovasiya Mərkəzi haqqında ətraflı məlumat verib.
O bildirib ki, Mərkəzdə müasir texnoloji həllərin hazırlanması və
sınaqdan keçirilməsini mümkün edən Aparat və Proqram Təminatı
Laboratoriyası, ideyaların prototiplərə və praktik layihələrə
çevrilməsi istiqamətində Texnologiya və Mühəndislik Laboratoriyası
fəaliyyət göstərəcək. Bundan əlavə, innovatorlar, tələbələr və
ümumiyyətlə innovasiya ilə maraqlanan hər kəs üçün əməkdaşlıq və
ortaq fəaliyyət mühitini yaradan kovörkinq və tədbir məkanları
istifadəyə veriləcək.

Tədbirin yekununda Naxçıvan Dövlət Universitetinin İnformasiya
texnologiyaları şöbəsinin müdiri Hüseyn Əsgərli Naxçıvan Dövlət
Universitetinin innovasiya ekosisteminin quruculuğu fəaliyyətləri
haqqında ətraflı təqdimatla çıxış edib.