
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan
Prezidenti Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb.
Trend xəbər
verir ki, məktubda deyilir:
“Hörmətli Şavkat Miromonoviç,
Əziz Qardaşım,
Sizi və Sizin simanızda qardaş Özbəkistan xalqını Azərbaycan
Respublikası və Özbəkistan Respublikası arasında əlamətdar ildönümü
– diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə
ürəkdən təbrik etməkdən və ən səmimi arzularımı çatdırmaqdan böyük
məmnunluq duyuram.
Diplomatik əlaqələrimiz otuz illik tarixə malik olsa da, qardaş
xalqlarımızın əsrlərdən-əsrlərə və nəsillərdən-nəsillərə keçən
birlik, həmrəylik, qarşılıqlı hörmət və dəstək ənənələri mövcuddur.
Ortaq soy-kök, tarix, dil, mədəniyyət, dini-mənəvi dəyərlər və
qardaşlıq kimi möhkəm təməllər üzərində qurulmuş
Azərbaycan-Özbəkistan dövlətlərarası münasibətlərinin ötən dövr
ərzində dinamik inkişaf edərək ali səviyyəyə – müttəfiqlik
pilləsinə yüksəlməsi xüsusi məmnunluq doğurur. Keçən il
imzaladığımız Müqavilə iki müstəqil, güclü, suveren dövlətimiz
arasında təbii müttəfiqliyi rəsmiləşdirən və əbədiləşdirən mühüm
tarixi sənəddir. Azərbaycan-Özbəkistan birliyinin və
tərəfdaşlığının möhkəmlənməsində və bu səviyyəyə çatmasında Sizin
müstəsna rolunuzu və xidmətlərinizi xüsusi vurğulamaq istərdim.
Bu gün Özbəkistan təkcə regionda deyil, həm də beynəlxalq aləmdə
böyük nüfuz və etimad qazanmış ölkədir. Sizin qətiyyətli
rəhbərliyinizlə bütün sahələrdə həyata keçirilən möhtəşəm
dəyişikliklərin, sosial-iqtisadi inkişafın, ölkənin iqtisadi
potensialının güclənməsinin, qlobal arenada imicinin ildən-ilə
artmasının şahidi olmaqdan qardaş ölkə olaraq böyük fərəh hissi
duyuruq.
Azərbaycan-Özbəkistan əlaqələri çoxşaxəli əməkdaşlıq gündəliyinə
malikdir. Ölkələrimizin siyasi, iqtisadi, ticari, sənaye, enerji,
nəqliyyat-logistika, təhlükəsizlik, investisiya, kənd təsərrüfatı,
humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığının
gündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi bizi
sevindirir. İkitərəfli əməkdaşlıq zəminində qısa müddət ərzində
əldə etdiyimiz misilsiz nailiyyətlər ölkələrimizin tərəqqisinə,
xalqlarımızın rifahına, regionumuzda əməkdaşlığa, ümumi firavanlığa
və sabitliyə töhfə verir.
Özbəkistanın beynəlxalq hüququn norma və prinsiplərinə, BMT
Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun
olaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq
səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi daimi
dəstəyini və ədalətli mövqeyini Azərbaycan xalqı heç zaman unutmur.
Sizin azad olunmuş ərazilərimizə dəfələrlə səfər etməyinizə,
Füzulidə özbək xalqının böyük oğlu – Mirzə Uluqbəyin adını daşıyan
məktəbin inşasına, Xankəndidə birgə tikiş müəssisəsinin
yaradılmasında dəstəyinizə və ikitərəfli əlaqələrimizin
dərinləşməsinə xidmət edən digər təşəbbüslərinizə görə Sizə bir
daha dərin təşəkkürümü bildirirəm. Biz bunu qardaş Özbəkistanın
Qarabağın bərpasına verdiyi dəstəyin, eyni zamanda həmrəyliyimizin,
qardaşlığımızın parlaq rəmzi olaraq dəyərləndiririk.
İkitərəfli müstəvidə olduğu kimi, çoxtərəfli əsasda da vacib
məsələlərin həlli istiqamətində ölkələrimizin birgə fəaliyyəti
təqdirəlayiqdir. Azərbaycan ilə Özbəkistan arasında beynəlxalq
təşkilatlar çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan
əməkdaşlıq uğurla davam edir. Regional və beynəlxalq məsələlərə
ortaq baxışlarımız, ümumi məqsədlərimiz və istəklərimiz, o cümlədən
üzləşdiyimiz çağırışların həlli istiqamətində bir-birimizə
verdiyimiz dəstək xalqlarımızın maraqlarına, dövlətlərimizin
mənafelərinə xidmət edir.
Hazırda Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionları vahid
geosiyasi regiona çevrilməkdədir. Bu coğrafi müstəvidə gedən müsbət
proseslərdə, əlbəttə ki, Azərbaycan ilə Özbəkistan arasında möhkəm
əlaqələrin və səmərəli əməkdaşlığın mühüm rolu vardır.
Əziz Qardaşım,
Füsunkar ölkənizə həyata keçirdiyim hər səfərimdə mənə
göstərilən xüsusi diqqət və qonaqpərvərliyi, əsl qardaşlıq
münasibətini yüksək qiymətləndirir, Sizinlə mehribanlıq və
səmimiyyət şəraitində keçən görüşlərimizi ən xoş təəssüratlarla
xatırlayıram.
Əminəm ki, bir-birinə qırılmaz tellərlə bağlı olan qardaş
xalqlarımızın sarsılmaz iradəsindən qaynaqlanan
Azərbaycan-Özbəkistan dövlətlərarası münasibətlərinin xoş
ənənələrini yaşatmaq və möhkəmləndirmək, müttəfiqliyimizi
dərinləşdirmək yolunda birgə səylərimizi bundan sonra da uğurla
davam etdirəcəyik.
Sizi bu əlamətdar tarixi ildönümü münasibətilə bir daha
səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik,
işlərinizdə uğurlar, qardaş Özbəkistan xalqına daim əmin-amanlıq və
firavanlıq arzulayıram”.


