
Bakı.Trend:
Energetika naziri Pərviz Şahbazov Astanada “Qazaxıstan Enerji
Həftəsi” çərçivəsində bu ölkənin nəqliyyat naziri Nurlan
Sauranbayev, energetika naziri Erlan Akkenjenov və Beynəlxalq Bərpa
Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La
Kamera ilə görüşlər keçirib.
Bu barədə Trend-ə Energetika Nazirliyindən məlumat verilib.
Bidirilib ki, Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın
həmsədri, nəqliyyat naziri Nurlan Sauranbayevlə görüşdə qardaşlıq,
dostluq və strateji tərəfdaşlığa əsaslanan və müttəfiqlik
səviyyəsinə yüksələn münasibətlərin inkişafından məmnunluq ifadə
edilib. Bu ilin ilk yarısında ikitərəfli ticarət dövriyyəsinin 4.2
dəfə artaraq 500 milyon ABŞ dollarına çatdığı bildirilib. Birgə
Hökumətlərarası Komissiyanın ticarət və iqtisadi əməkdaşlığımızın
inkişafına təkan verən rolu qeyd olunub. Bu xüsusda Komissiyanın
oktyabrda Bakıda keçirilməsi planlaşdırılan 21-ci iclasına hazırlıq
məsələləri müzakirə edilib. Görüşdə, həmçinin Orta Dəhliz və onun
mühüm seqmenti olacaq Zəngəzur dəhlizi üzərindən nəqliyyat
əlaqələrinin gücləndirilməsi, yükdaşımaların artırılması
istiqamətində perspektivli layihələr və yeni əməkdaşlıq imkanları
nəzərdən keçirilib. “Azərbaycan Respublikası və Qazaxıstan
Respublikası arasında əməkdaşlığın inkişafına dair Kompleks
Proqram”ın icrası və növbəti mərhələdə davam etdirilməsi ilə bağlı
fikir mübadiləsi aparılıb.
Qazaxıstanın energetika naziri Erlan Akkenjenov ilə görüşdə isə
energetika sahəsində əməkdaşlığın gündəliyindəki aktual məsələlər
müzakirə edilib. 2023-cü ildənindiyədək Bakı-Tbilisi-Ceyhan kəməri
ilə 3,383 min ton qazax neftinin nəql olunduğu
vurğulanıb.Qazaxıstan neftinin Azərbaycan ərazisi ilə tranzitinin
artırılması, SOCAR və “KazMunayGaz” arasında birgə layihələr üzrə
əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb. Həmçinin “Mərkəzi
Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin icrasının cari
vəziyyəti dəyərləndirilib. Layihənin texniki-iqtisadi
əsaslandırmasını həyata keçirəcək məsləhətçi şirkətin tenderin
nəticələri əsasında noyabrda müəyyənləşəcəyi bildirilib. Nazir
Erlan Akkenjenov strateji əhəmiyyətli bu layihəyə ölkəsinin
dəstəyini ifadə edib.
Energetika naziri Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin
(IRENA) baş direktoru Françesko La Kamera ilə də görüşüb. IRENA
Şurası və yaşıl enerji keçidi çərçivəsində Agentliklə əməkdaşlıq
məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanın
regional əhəmiyyətli layihələri Agentliyin təşəbbüsləri
müstəvisində dəyərləndirilib və bərpa olunan enerjinin inkişafının
təşviqinə dəstək ifadə edilib.

