
Bakı. Trend:
Türkiyənin Kahramanmaraş şəhərində 27 Sentyabr – Anım Gününə
həsr olunan “Zəfərə gedən yolun başlanğıc tarixi – 27 sentyabr
2020” adlı konfrans keçirilib. Tədbir Azərbaycan Respublikasının
Diasporla İş üzrə Dövlət Komitəsinin, Türkiyə-Azərbaycan Dərnəkləri
Federasiyasının (TADEF) və Kahramanmaraş Sütçü İmam Universitetinin
birgə əməkdaşlığı ilə baş tutub.
Trend xəbər verir ki, bu barədə Diasporla İş
üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, tədbirdə rəsmi şəxslərlə yanaşı, universitet
rəhbərləri, siyasi partiya nümayəndələri, Azərbaycan icmasının
fəalları, eləcə də tələbə və müəllim heyəti iştirak edib.
Universitetin Yunus Əmrə Konqres Mərkəzinin “Nizami Gəncəvi”
salonunda keçirilən konfrans iki qardaş ölkənin şəhidlərinin əziz
xatirəsinin yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan və
Türkiyənin Dövlət himnləri səsləndirilib.
Konfrans iştirakçıları Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Anım Günü ilə bağlı paylaşdığı videoçarxı, həmçinin
Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan, Vətən
müharibəsi və Zəfər yolundan bəhs edən videomaterialı
izləyiblər.
Tədbirin açılışında Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin
birinci müavini Valeh Hacıyev, Kahramanmaraş Sütçü İmam
Universitetinin rektoru professor Alptekin Yasım, Milli Məclisin
deputatı, professor Vasif Qafarov, Azərbaycan Diasporuna Dəstək
Fondunun icraçı direktoru Əkrəm Abdullayev, Türkiyə-Azərbaycan
Dərnəkləri Federasiyası sədrinin müşaviri Pərviz Məmmədzadə çıxış
ediblər.
Natiqlər bu cür tədbirlərin Azərbaycanın tarixi həqiqətlərinin,
milli maraqlarının və ədalətli mövqeyinin beynəlxalq ictimaiyyətə
çatdırılması baxımından əhəmiyyətini qeyd ediblər. Onlar həmçinin
Qarabağ Zəfərinin regional və qlobal müstəvidə yaratdığı
reallıqların təbliğinin vacibliyini vurğulayıblar.
Konfrans panel iclası ilə davam edib. Sütçü İmam Universitetinin
dosenti Mərziyyə Məmmədlinin moderator olduğu iclasda Milli
Məclisin deputatı professor Vasif Qafarov, Sütçü İmam
Universitetinin professoru Toğrul İsmayıl və Türkiyənin Milli
Müdafiə Universitetinin professoru İbrahim Ethem Atnur məruzələrlə
çıxış ediblər.
Məruzələrdə Vətən müharibəsinin gedişi, tarixi əhəmiyyəti,
nəticələri, həmçinin beynəlxalq hüquq və akademik baxış prizmasında
Azərbaycanın ədalətli mövqeyi ətraflı izah olunub. Natiqlər
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
Ordusunun göstərdiyi qəhrəmanlıq və iradənin tarixi əhəmiyyət
daşıdığını xüsusi qeyd ediblər. Çıxışlarda 27 Sentyabr – Anım
Gününün xalqımızın qürurlu, şərəfli və unudulmaz tarixi olduğu
vurğulanıb, Qarabağ Zəfərinin isə təkcə Azərbaycan üçün deyil,
bütövlükdə Türk dünyası üçün strateji və mənəvi dəyərə malik olduğu
diqqətə çatdırılıb.
Konfransın sonunda Azərbaycanın Respublikasının Xalq artisti
Samir Cəfərov vətənpərvərlik ruhunu və Azərbaycan–Türkiyə
qardaşlığını tərənnüm edən mahnılar səsləndirib.


