Şuşanın kəndində partlayıcı tələ qurğusu aşkarlanıb

Baş səhifə

Bakı. Trend:

Şuşa rayonu Kiçik Qaladərəsi kəndi ərazisində evlərin
təmizlənməsi əməliyyatı zamanı partlayıcı tələ qurğusu
aşkarlanıb.

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə
Agentliyi (ANAMA) məlumat verilib.

Bildirilib ki, evin damında sütuna və damın giriş qapısına tələ
məftili vasitəsilə quraşdırılmış döyüş vəziyyətinə gətirilən 2 ədəd
F-1 əl qumbaraları aşkarlanıb.




Aşkar edilən tələ qurğu ANAMA əməkdaşları tərəfindən
zərərsizləşdirilərək, ərazinin təhlükəsizliyi təmin edilib.

Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə icra edilən
minatəmizləmə əməliyyatları zamanı mütəmadi olaraq tələ minaları,
improvizə edilmiş partlayıcı qurğulara rast gəlinir. Bu məqsədlə,
ANAMA bir daha vətəndaşları təhlükəsizliyinə əmin olmadıqları
ərazilərə, obyektlərə daxil olmamağa, tanımadıqları əşyalara
toxunmamağa çağırır.