
Bakı. Trend:
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəqil Azərbaycana
ilk dəfə Prezident seçilməsinin 32-ci ili tamam olur. 1993-cü il
oktyabrın 3-də keçirilən prezident seçkiləri Heydər Əliyevə olan
ümummilli etimadın və inamın möhtəşəm təntənəsinə çevrildi. Məhz bu
seçkidən sonra respublikamızın taleyində və tarixində tamamilə yeni
dövr başladı. Bu gün regionun lideri və qalib dövləti olan
Azərbaycanın bütün uğurlarının təməli məhz Ümummilli Lider Heydər
Əliyevin 1993-cü ildə Azərbaycana rəhbərliyə başlaması ilə
qoyuldu.
Trend xəbər
verir ki, bu fikirləri Milli Məclisin deputatı Xanlar Fətiyev
deyib. O bildiirb ki, müstəqilliyimizin ilk illərində respublikada
baş verən proseslər xatirindədir:
“Hakimiyyətdə bir-birini əvəz edən siyasi qrupların
səbatsızlıqları, məsuliyyətlərini dərk etməmələri dərin siyasi və
sosial-iqtisadi böhrana səbəb olmuş, xaosa, anarxiyaya yol açmışdı.
Bütün bunların fonunda separatçı meyillərin baş qaldırması,
Ermənistanın işğalçılıq planlarını genişləndirməsi Azərbaycanı məhv
olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. 1993-cü il iyun ayının
əvvəllərində Gəncə şəhərində baş verən faciəli hadisələr, qardaş
qanının axıdılması artıq respublikamızdakı siyasi və hərbi böhranın
pik həddə çatması idi.
Siyasi-hərbi böhran və Azərbaycanın bir dövlət kimi gələcəyinin
sual altına düşməsi ondan xəbər verirdi ki, respublikanı bu ağır
vəziyyətdən yalnız xalqın inandığı, güclü və qətiyyətli siyasi
lider xilas edə bilər. Həmin lider isə o zaman Naxçıvan Ali
Məclisinin Sədri olan görkəmli dövlət xadimi Heydər Əliyev idi.
Heydər Əliyev sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə
respublikamız tarixi inkişaf yolu keçmiş, o zamanlar ittifaqın ən
qabaqcıl üzvləri sırasına yüksəlmişdi. Ulu Öndər Kremldə çalışdığı
illərdə də Azərbaycanın uğurları üçün əlindən gələni etmişdi. 90-cı
illərin əvvəllərində isə Heydər Əliyev Naxçıvanı işğaldan qorudu.
Təbii ki, o zaman Azərbaycan xalqı bütün bunları görür,
dəyərləndirir və müstəqilliyini yenicə qazanmış dövlətimizə məhz
Ulu Öndərin rəhbərlik etməsini arzulayırdı. Hələ 1992-ci ildə Yeni
Azərbaycan Partiyasının təsis olunması Heydər Əliyevə olan inamın
təcəssümü idi”.
Xanlar Fətiyevin sözlərinə görə, ağır və mürəkkəb proseslərin
cərəyan etdiyi 1993-cü ilin iyun ayında Heydər Əliyevin xalqın
təkidli istəyi ilə Bakıya gəlməsi tarixin gərdişini dəyişdi:
“Dahi şəxsiyyətin gəlişi ilə qardaş qırğınının böyüməsinin,
hərbi böhranın qarşısı alındı. Ulu Öndər özünün xilaskarlıq
missiyası ilə Azərbaycanın müstəqilliyinə və dövlətçiliyinə qarşı
çıxan bütün antimilli qüvvələrin planlarını iflasa uğratdı.
Azərbaycan müstəqilliyini yenidən itirmək, Xalq Cümhuriyyətinin
taleyini yaşamaq və dünyanın siyasi xəritəsindən silinmək
təhlükəsindən qurtuldu. Buna görə də Heydər Əliyevin 1993-cü il
iyunun 15-də Azərbaycan Respublikasının Ali Sovetinin Sədri
seçilməsi tariximizə Milli Qurtuluş Günü kimi həkk olunub.
1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri isə
Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, dövlətimizi yüksəlişə
aparan siyasi yolun mühüm mərhələsidir. Əvvəlcə onu qeyd edim ki,
bu seçki müstəqlliyini bərpa etmiş respublikamızda keçirilən ilk
demokratik seçki və xalqımızın sərbəst siyasi iradəsinin şəffaf və
parlaq təzahürü oldu. Bu seçkidə seçicilərin 98.84 faizinin öz
səsini Heydər Əliyevə verməsi Ulu Öndərə olan ümummilli etimadın
mühüm göstəricisinə çevrildi.
Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsi dövlətimiz
qarşısında duran taleyüklü vəzifələrin həyata keçirilməsi üçün
tarixi siyasi-iqtisadi şərait formalaşdırdı. Belə ki, məhz bundan
sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi
suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi.
Ümummilli Lider ölkədə ictimai-siyasi sabitliyin bərpası
istiqamətində gərgin iş apardı, qeyri-qanuni silahlı dəstələr
zərərsizləşdirildi, dövlət çevrilişlərinin qarşısı alındı və
Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu.
Ulu Öndərin dövlət və xalq qarşısında tarixi xidmətlərindən biri
də ordu quruculuğu oldu. Heydər Əliyevin təcrübəsi əsasında
müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası, işğalçı
Ermənistanın hücumlarının qarşısının alınması, ölkənin
müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu
istiqamətində kompleks tədbirlər həyata keçirildi. Ulu Öndərin
yaratdığı Azərbaycan Ordusu 1993-cü ilin payızından başlayaraq
nəinki Ermənistanın genişlənən hücumlarının qarşısını aldı, o
cümlədən bir sıra istiqamətlərdə ərazilərimizi işğaldan azad
etdi”.
Deputat əlavə edib ki, əbədiyaşar şəxsiyyət Heydər Əliyevin
müstəqil respublikamıza rəhbərlik etdiyi illərdə hüquqi dövlət
quruculuğu həyata keçirildi, Azərbaycan Konstitusiyası qəbul
edildi:
“Hüquqi islahatların nəticəsi kimi bu sahədə fəaliyyət göstərən
dövlət orqanları yenidən formalaşdırıldı, ədalət mühakiməsini
həyata keçirən məhkəmələr müasir meyarlar əsasında yenidən təşkil
olundu. Heydər Əliyevin sayəsində 1994-cü ildə «Əsrin
müqaviləsi»nin imzalanması respublikamızın iqtisadi inkişafının
əsas hadisələrindən birinə çevrildi. Ulu Öndərin başlatdığı
iqtisadi, sosial və aqrar islahatların effektiv şəkildə həyata
keçirilməsi qeyd olunan sahələrdə uğurların əldə olunması,
respublikamızın ardıcıl inkişaf yoluna qədəm qoyması və dünya
birliyində özünə layiqli yer tutması ilə nəticələndi.
Beləliklə, müasir Azərbaycan dövlətinin banisinə çevrilən Heydər
Əliyevin respublikamıza rəhbərlik etdiyi 10 il tariximizə yüksəliş
dövrü kimi yazıldı. Ulu Öndər güclü dövlət yaratdı,
müstəqilliyimizin əbədi olmasını təmin etdi.
Azərbaycan Heydər Əliyev siyasəti ilə irəliləyir və inkişaf
edir. Prezident İlham Əliyevin layiqincə davam etdirdiyi bu siyasət
Azərbaycanı regionun lider dövlətinə, qlobal səviyyədə söz sahibinə
çevirib. Azərbaycanın dinamik inkişafı, həyata keçirilən layihələr,
respublikamızın modernləşməsi, əhalinin sosial rifahının yüksəlməsi
Ulu Öndərin müəyyən etdiyi strateji xəttin Prezident İlham Əliyevin
rəhbərliyi ilə uğurla reallaşdırılmasının nəticəsidir. Azərbaycan
həm də dünyanı düşündürən problemlərin həllində fəal iştirak edən,
qlobal enerji müzakirələrində aparıcı mövqeyi olan bir
dövlətdir.
Ulu Öndər Heydər Əliyev hələ sovet illərində Ermənistanın
Azərbaycana qarşı ərazi iddialarının baş qaldırmasına imkan
verməmişdi. Müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə isə Heydər
Əliyev özünün siyasi müdrikliyi ilə Qarabağ probleminin məhz
respublikamızın ərazi bütövlüyü çərçivəsində həllini özündə ehtiva
edən siyasi formulun və danışıqlar prosesinin formalaşdırılmasına
nail oldu, Ermənistanın maraqlarına xidmət edən bütün təzyiqləri
qətiyyətlə dəf etdi.
Heydər Əliyev siyasi yolunun ən layiqli davamçısı olan Prezident
İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsi olaraq artıq
torpaqlarımız azaddır, ərazi bütövlüyümüz bərpa olunub. Beləliklə,
Heydər Əliyevin qoruduğu və yenidən qurduğu Azərbaycan bu gün
dünyada həm də qalib dövlət kimi tanınır”.

